Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Ki-Munu Azərbaycana səfərə dəvət edib.
ERtv xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov BMT-nin baş katibinin müavini cənab Yan Eliasson ilə görüşüb.
Görüş zamanı A.Rəhimov Y.Eliassona 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda keçiriləcək ilk “Gənclər siyasəti üzrə Qlobal Forumu”na BMT-nin baş katibi Ban Ki-Munun rəsmi dəvətini təqdim edib.
Səfər çərçivəsində nazir eyni zamanda BMT baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib, Azərbaycan hökümətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib.
Bu görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.
Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı hazırlıq görüşündə də iştirak edən nazir Forumun əhəmiyyətindən söz açıb.
“Azərbaycanın gənclər sahəsində böyük təcrübəsi və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil”, - deyə nazir bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz növbəsində Foruma hazırlıq istiqamətində artıq görülmüş işlərdən söz açaraq, Forumun Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradacılığını qeyd edib.
Tədbirdə həmçinin BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi cənab Əhməd Əlhəndavi, BMT-nin İctimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri Maher Nasser və Rui Gomes də çıxış ediblər.
Onlar Azərbaycan hökümətinin gənclər siyasətinə ayırdığı diqqəti xüsusilə vurğulayaraq, Azərbaycanın Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün öz təşəkkürlərini bildiriblər.
Bu, “Gənclər siyasəti üzrə Qlobal Forum”a bağlı ikinci hazırlıq görüşüdür və görüşdə tədbirin təşkilatçıları olan Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO, Avropa Şurası və digər think-tank təşkilatının nümayəndələri iştirak ediblər.
Bu çərçivədə ilk görüş isə 2013-cü ilin noyabr ayında Fransanın Strasburq şəhərində keçirilmişdi.