Moskvada Avropa çempionu, dünyanın aparıcı şahmatçılarından biri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq şahmat turniri təşkil olunacaq.
ERtv AzərTac-a istinadən xəbər verir ki, turnir “Azərbaycan Mədəniyyətinin İnkişafı və Yüksəlişi” Fondunun təşkilati dəstəyi ilə aprelin 25-də Moskva Millətlər Evində keçiriləcək.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda doğulub. Karyerasının zirvəsində FİDE-nin reytinq cədvəlində 4-cü yeri tutmuş V.Həşimov FİDE-nin Bakıda keçirilən Qran-pri turnirinin qalibi, 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub.
Serbiyada keçirilən qitə birinciliyinin son turunda yığmamızın tarixi qələbə qazanmasında həlledici rol oynayıb, 2011-ci ildə İtaliyada keçirilən ənənəvi “Reco-Emiliya” beynəlxalq turnirində qalib gəlib.
V.Həşimov müxtəlif klubların tərkibində Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova çempionu, sürətli şahmat üzrə dünya çempionatının gümüş mükafatçısı, habelə 72-dən çox titulun sahibi olub.
Beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada ağır xəstəlikdən sonra vəfat edib.