Martın 19-da Azərbaycanın İsveçrədəki səfirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Berndə Novruz bayramı münasibətilə konsert-ziyafət keçirilib.
ERtv xəbər verir ki, tədbiri açan səfir Əkrəm Zeynallı xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz münasibətilə mərasim iştirakçılarını təbrik edib.
Diplomat, həmçinin Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrikinin mətnini qonaqların diqqətinə çatdıraraq, onların azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşəcəklərinə inamını ifadə edib.
Tədbir Əməkdar Artist Tünzalə Ağayeva, həmçinin Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov və Kamilə Nəbiyevanın konsert proqramı və ziyafətlə davam etdirilib.
Bayram mərasimində İsveçrədə yaşayan və işləyən həmyerlilərimiz, eləcə də burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.