Bir çoxlarının sevimlisi olan tanınmış repçi Hüseyn Dərya bu gün səhər saatlarında keçirdiyi avtomobil qəzasından sonra dünyasını dəyişdi.
ERtv xəbər verir ki, martın 14-də axşam saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına uğrayan repçinin idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb.
3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən H.Dərya bu gün saat 13:00 radələrində vəfat edib.
Azərbaycan repi deyərkən ağıla ilk gələn adlardan biri də Hüseyn Dərya olub.
Hüseyn Dərya Azərbaycan şou-biznesində 2000-ci illərdən parlamağa başlayıb. Onun ifa etdiyi “Kef elə” mahnısı repçinin sənətdə vizit kartı olub. “Kef elə” mahnısı indi də repsevərlər tərəfindən sevilərək dinlənilməkdədir.
Hüseyn Dəryanın replə pop-musiqinin sintezini edərək yenilik yaratması da olduqca uğurlu alınıb.
Şəxsi həyatı ilə zaman-zaman qalmaqalların mərkəzində olan repçinin pərəstişkarlarının sayı daima çox olub.
Məşhurluğunun ən pik nöqtəsində olan zaman narkotik maddələrə olan asılılığı ucbatından həbs edilən repçi “insan gərək öz keçmişindən utanmasın. Mən keçmişimdən utanmıram, əksinə, fəxr edirəm. Mənim həyat yolunda yaşadıqlarım gənclərə örnək olmalıdır. Ölüm ayağında olmuşam, amma görüdüyünüz kimi sağam, yaşayıram” –demişdi...
Həbsxanadan sonrakı həyatında isə H.Dəryanın yaradıcılığında yaxşı mənada kəskin dönüş olub. Sonralar repçi yeni mahnılar ifa etdi, solo konsertlər verdi.
H.Dəryanın qatıldığı “Maşın” realiti-şousu isə sənətçiyə ikinci yaradıcılıq enerjisi verdi. Amma əfsuslar olsun ki, bu dəfə qalmaqallarla gündəmə gələn repçi yerli şou-biznesdə əvvəlki populyarlığını qoruyub saxlaya bilmədi.
Yaradıcılığındakı uğursuzluqlar ucbatından intihara cəhd edən repçi sonra İslam dininə sığındı. Onun son ifaları isə Dado ilə oxuduğu “Pul” və “Can Vətən” mahnıları olub.
Ömrünü martın 15-də avtomobil qəzası nəticəsində itirən sənətçi doğulduğu Tərtər rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!