Millət vəkili Qənirə Paşayeva martın 14-də parlamentdə hökumətin növbəti illik hesabatının müzakirəsi zamanı əlillərlə bağlı bir sıra təkliflərlə çıxış edib.
ERtv-nin verdiyi məlumata görə, millət vəkili ilk öncə əmək qabiliyyətli əlillərin işlə təmin olunması məsələsində bəzi problemlərin yaranmasından öz narazılığını ifadə edib.
Onun sözlərinə görə, bəzi idarə və müəssisələrdə iş üçün onlara müraciət edən əmək qabiliyyətli əlillərə heç bir əsas gətirilmədən “yox” cavabı verilir.
“Hansı ki, müvafiq qanunvericilikdə də əlillərin işlə təmin olunması məsələsi öz əksini tapıb. Ona görə yaxşı olardı ki, əlillərin işlə təminatı məsələsinə ciddi yanaşılsın və onların bu yöndəki müraciətlərinə müsbət cavab verilsin” - deyə, Q.Paşayeva deyib.
Millət vəkili həmçinin ali məktəblərə qəbul olunan birinci və ikinci qrup əlillərlə bağlı məsələyə də toxunub.
“Biz həmin əlillərin təhsil, xüsusilə, ali təhsil almasına çalışmalıyıq. Bu, çox vacibdir. Ona görə hesab edirəm ki, ali məktəblərə ödənişli əsaslarla qəbul olunan birinci və ikinci qrup əlil tələbələr təhsil haqqı ödəməkdən azad edilməlidir” - deyə, o qeyd edib.
Millət vəkili çıxışında daha sonra Qarabağ müharibəsi əlillərinin mənzil təminatı ilə bağlı məsələni səsləndirib.
“Çox sevindirici haldır ki, son illər ölkə başçısının tapşırığı ilə müharibə əlillərinin evlə və yaşayış sahəsi ilə təminatı məsələsinə çox ciddi diqqət yetirilir. Ancaq çox təəssüf ki, bu məsələdə də bəzi problemlər qalmaqdadır.
Məsələn, mənim deputat seçildiyim Tovuz bölgəsində ötən bir il ərzində bir nəfər belə olsun Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış sahəsi tikilib istifadəyə verilməyib. Bu baxımdan hesab edirəm ki, bu məsələyə də ciddi diqqət yetirilməli və Qarabağ müharibəsi əlillərinin mənzillə, fərdi yaşayış sahəsi ilə təminatı məsələsi həll edilməlidir” - deyə, millət vəkili çıxışı zamanı qeyd edib.