Bu gün xalq yazıçısı Anarın doğum günüdür.
ERtv xəbər verir ki, Rzayev Anar Rəsul oğlu 1938-ci il martın 14-də Bakıda şairlər Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.
Anar eyni zamanda ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub. 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri olub.
1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilib.
Yazıçı 1995-ci və 2000-ci illərdə Milli Məclisin üzvü seçilib. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olub.
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. İlk qələm təcrübələrini 1952-ci ildə Şuşada edib. Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır. “Ağ liman” povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında (1979), Almaniya Federativ Respublikasında (1989), Çexoslavakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), “Əlaqə” povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada (1986), Fransada (1995), Estoniyada (1981), “Dantenin yubileyi” üç dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973), Tacikistanda (1977), “Dədə Qorqud” Moskvada (1980, 1988), İranda- böyük tirajlarla, nəfis şəkildə çap olunub. “Mən, sən, o və telefon” hekayəsi Moskvada “Nedelya” həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, Ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunub.