Tovuz rayon sakinlərinin Azərbaycan ərazisinə keçən Erməni vətəndaşını saxlamalarının təfərrüatları məlum olub.
ERtv TTV telekanalına istinadən xəbər verir ki, erməni “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsi ərazisində nəzərə çarpıb.
Onu ilk olaraq müəssisədə olan idarə əməkdaşı Məcid Sadıqov görüb. O, oturduğu yerdən idarənin bayır qapısından kiminsə içəri daxil olduğunu görüb.
“Mən cavan oğlana yaxınlaşaraq kim olduğunu soruşdum, xahiş etdim ki, özünü təqdim etsin. O isə cavabında yarı rus, yarı erməni dilində cavab verib. Mən də başa düşdüm ki, bu ermənidir”, - deyə M.Sadıqov bildirib.
Erməni qaçaq Azərbaycan tərəfinə çay vasitəsilə keçdiyini bildirib. Telekanalın verdiyi xəbərə görə, o, 1991-ci il təvəllüdlüdür və adı Arsen Xodjayandır.
Xatırladaq ki, erməni martın 7-də Tovuz çayı üzərindəki dəmir yol xətti yaxınlığında ələ keçib. Saxlanılan erməni Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tovuz rayon şöbəsinin əməkdaşlarına təhvil verilib. Faktı şöbə rəisi Azad Qurbanov da təsdiq edib. Onun sözlərinə görə, erməni gənc nə Azərbaycan, nə də rus dillərində danışa bilir. Faktı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiq edib.
Əsir, Girov və İtkin Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının katibi Şahin Sailovun sözlərinə görə, bu barədə onlara da məlumat daxil olub və məsələ araşdırılır.