Martın 5-də Avropa Parlamentində Xəzər Strateji İnstitutunun və avroparlamentarilər Norika Nikolai, Vittorio Prodi və Niki Tzavela ilə birgə təşkilatçılığı ilə “Cənub Qaz Dəhlizi: Hədəflər və imkanlar” mövzusunda “Xəzər Brüssel Forumu” keçirilib.
ERtv xəbər verir ki, forumda səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, enerji mütəxəssisləri və Avropa Parlamentinin əməkdaşları iştirak ediblər.
Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş açılış nitqində Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi üçün oynadığı vacib rol haqda və gələcək enerji təchizatı potensialından danışıb.
Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqı yanındakı səfiri Fuad İsgəndərov Şahdəniz layihəsinin və Cənub Qaz Dəhlizinin son illər ərzində ən böyük sərmayə cəlb edən layihə olduğunu bildirib, bu baxımdan Azərbaycanın Aİ ilə eyni səviyyədə əməkdaşlıq edən yeganə Şərq Tərəfdaşlığı ölkəsi olduğunu deyib. Bununla yanaşı, səfir Aİ ilə əməkdaşlıq etməyə hazır olan bütün Şərq Tərəfdaşlığı ölkələrində aqressiv separatizm probleminin yaradıldığını bildirib və Avropa İttifaqının buna siyasi qiymət verməsinin zəruriliyini vurğulayıb.
BP-nin Cənub enerji dəhlizi üzrə vitse-prezidenti Con Bolduin (John Baldwin) öz çıxışında yaxın illərdə təbii qazın öz əhəmiyyətini itirməyəcəyini və Avropada ona olan tələbatın azalmayacağını söyləyib.
“Biz düşünə bilərik ki, bu qaz haradan gələcək? Təbii ki, Rusiya, Şimali Afrika kimi mənbələr var, ancaq Cənub Qaz Dəhlizi mövcud mənbələrin ən məqsədyönlüsüdür. O baxımdan ki, Azərbaycanı Gürcüstan vasitəsi ilə Türkiyəyə bağlayan və 9 milyard kub-metr qaz ötürən boru xətti artıq mövcuddur. Bu, hazır infrastrukturdur. CQD 40 milyard dollardan çox investisiya tələb edir. Bu investisiyanı müştərilər edəcək”, o deyib.
Bolduin bildirib ki, əgər Azərbaycan üçün bu layihənin xeyiri siyasi xarakter daşıyırsa - müştərilərin müxtəlifləşdirilməsi və regiondakı ölkələrin daha sıx əməkdaşlığına imkan yaratmaq, Aİ daha çox iqtisadi maraqlar güdür - təchizatçıların müxtəlifləşdirilməsi və digər ölkələrə ixracatı. Layihə bütünlükdə siyasi və iqtisadi əhəmiyyətə malik olmalıdır, əks halda həyata keçməsi mümkün olmayacaq. Onun sözlərinə görə, enerji təhlükəsizliyini qorumaq üçün stretji yanaşma lazım olduğu halda, bunun çox strateji olması da lazım deyil, əks halda layihə də əldən çıxacaq.
Azərbaycanın Belçika, Lüksemburq və Aİ yanında səfirliyinin birinci katibi Rəşad Novruz deyib ki, Azərbaycanın enerji strategiyası mərhələli şəkildə irəliləyəcək və hər bir addımda əlavə dəyər yaratmağa çalışacaq.
“Türkmənistan öz qazını Azərbaycan üzərindən Avropaya nəql etmək istəsə Azərbaycan buna hazırdır. İraq qazının da TANAP-a qoşulmaq ehtimalı var, ancaq yaxın perspektivdə yox. Avropanın ehtiyacı olduğu İraq qazı ölkənin şimalında yox mərkəzindədir. Odur ki, hamının gözlədiyinin əksinə olaraq, onu Aİ-yə nəql etmək asan olmayacaq”.
Onun sözlərinə görə, Avropanın enerji məkanında biznes dairələri üçün ən böyük çətinlik Aİ-nin qanunları və qanunvericiliyidir. Aİ-nın biznes dairələrinin, eləcə də Azərbaycanın maraqlarını qane etməsi münasibətlərin sonrakı inkişafına təsir göstərəcək.
ARDNŞ-ın Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədovun fikrincə Şahdəniz qazının Avropaya nəqli meqa layihədir. Bu, Azərbaycan və region üçün təkrarı olmayan birbaşa xarici sərmayə layihəsidir.
“BOTAŞ”ın baş direktorunun müavini Mustafa Arınc Türkiyənin artan enerji tələbatlarına cavab vermək üçün böyük investisiyalara ehtiyacı olduğunu və bu CQD, TANAP boru xəttinin ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib.
TAP şirkətinin xairic əlaqələr şöbəsinin rəhbəti Maykl Hofman (Micheal Hoffman) TAP layihəsinin indiki mərhələyə çatması üçün 11 il tələb olunduğunu və Aİ-yə ilk qaz idxalı 2019-cu il üçün nəzərdə tutulduğunu nəzərə alaraq, bu tip layihələrin çox uzun zaman tələb etdiyini vurğulayıb. Bununla yanaşı, Maykl Hofman deyib: “Bu layihə hökümətlər və özəl biznes qurumları arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir və onu uzunmüddətli layihə kimi görmək lazımdır.