Bu gün tanınmış aktyor Fərman Abdullayevin (Şəkili) vəfatından bir il ötür.
ERtv xəbər verir ki, aktyor uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 1954-cü il noyabrın 4-də Şəkidə anadan olub.
Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən professional səhnədə olub.
Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. “Dahi” adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olub.
Fərman Şəkili “Fransız”, “Həm ziyarət, həm ticarət”, “İstanbul reysi”, “Sarı gəlin”, “Yalan”, “Otel otağı”, “Yarımştat” kimi film və teletamaşalarda müxtəlif obrazlar yaradıb.
Onu ən çox tanıdan və sevdirən obrazı isə televiziya proqramında uşaqlar üçün yaratdığı Şurum Burum obrazı olub.
Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2013-cü il martın 5-də 59 yaşında vəfat edib.