Səyyar tibbi-texniki briqadalar indiyədək 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ERtv-yə verilən məlumata görə, səyyar xidmət Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərə göstərilib.
Qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların ehtiyac duyduqları məmulatlarla yerindəcə təmin olunmasına xidmət edən tədbir ölkənin bütün bölgələrində həyata keçiriləcək.
Yaxın günlərdə isə səyyar briqadalar respublikanın Balakən, Zaqatala, Qax, Şəki və digər rayonlarda fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, səyyar tibbi-texniki briqadalar ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılıb.