Cənab Ceyms Uorlik, bir gecədə bir şəhərin erməni silahlı qüvvələri tərəfindən yer üzündən silinməsindən xəbəriniz varmı?
ERtv xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı fikirlərinə münasibətini bildirərkən dilə gətirib.
Millət vəkilinin dediyinə görə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri C.Uorlikə 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrini xatırladıb.
O, bu barədə rəsmi Twitter səhifəsində Azərbaycanı və Ermənistanı tolerant olmağa çağırıb.
“Biz də Sumqayıt hadisələrini xatırlayırıq. Həm Azərbaycan, həm də Ermənistan tolerantlıq, inam və insanların inkişafını nəzərdə tutan proqramları dəstəkləməlidir” – amerikalı həmsədr deyib.
“Mən ABŞ diplomatına sual yönləndirmək istəyirəm: onun Xocalı faciəsindən, Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarında vəhşiliklərindən xəbəri varmı, bu məsul posta təyin olunmamışdan Dağlıq Qarabağ konfliktinin səbəbləri barəsində hansısa bir məlumatlarla tanış olubmu?
Eyni zamanda bilmək istəyirəm ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxladığı və bu ərazilərdən 1 milyon 200 min nəfər qaçqının mövcud olduğu halda tolerantlıq necə baş verir? - millət vəkili deyib.