Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 4 yeni institutu yaradılacaq.
AMEA-nın mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, elmi müəssisələrin yaradılması məqsədilə zəruri tədbirlərin icrası haqqında qərar Rəyasət Heyətinin iclasında qəbul edilib.
Qərara əsasən, AMEA-nın Yer elmləri bölməsinin tərkibində Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Humanitar və ictimai elmlər bölməsinin tərkibində Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu, Biologiya və Tibb elmləri bölməsi tərkibində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılacaq.
AMEA Neft və Qaz Elmi Tədqiqat İnstitutunun yaradılmasında başlıca məqsəd neft və qaz sənayesi və elminin prioritet istiqamətlər üzrə ən yeni geoloji-geofiziki, informasiya, kosmik və digər texnologiyaların kompleks tətbiqi əsasında təşkil olunması və həyata keçirilməsidir.