Fransanın neft və qaz şirkəti “Total” “Şahdəniz” layihəsindəki payını satmaq qərarına gəlib.
ERtv xəbər verir ki, bu barədə “Energy Intelligence” saytında məlumat yayılıb.
“Total Azərbaycanın “Şahdəniz” qaz yatağındakı payını ya azaltmaq, ya da layihəni tamamilə tərk etmək istəyir” - məlumatda qeyd olunub.
Bir digər məlumata görə isə, Türkiyənin “Botaş” şirkəti “Şahdəniz” layihəsində pay almaq istəyir. Məlumata görə, şirkət bunun üçün danışıqlara başlamağa hazırlaşır. Eyni zamanda, “Botaş” şirkəti TANAP layihəsindəki payını 20%-ə çatdırmaq istəyir.
Qeyd edək ki, “Total” şirkətinin “Şahdəniz” layihəsində payı 10% təşkil edir. Şirkət Azərbaycan Dövlət Neft Şirkətinin TANAP layihəsində ona təklif olunan 5%-lik paydan da dekabr ayında imtina etmişdi.
Hazırda TANAP layihəsində SOCAR 80%, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə 20% paya malikdir.
SOCAR səhmlərinin 29%-nin “Şahdəniz” konsorsiumundakı tərəfdaşları olan – BP (12%), “Statoil” (12%) və “Total” (5%) şirkətlərinə təklif etmişdi. “Statoil” və “Total” şirkətləri əvvəlcə layihədə iştirak etmək üçün razılıq versələr də, sonradan imtina ediblər. “BP” şirkəti isə TANAP-da iştirak etmək istəyir.