Fevralın 21-də Tibb Universitetinin Tədris-terapiya şöbəsinin reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən Ramiz Əzizbəyli palataya köçürülüb.
Bu haqda ERtv-yə aktyorun həyat yoldaşıZümrüd Əzizbəyli məlumat verib.
“Ramiz dünəndən (fevralın 26-da-red) palataya köçürülüb. Özünü yaxşı hiss edir, yavaş-yavaş danışır. Səhhəti əvvəlkindən xeyli yaxşıdır. Analizlərinin cavabları da bizi sevindirdi” - deyə, aktyorun həyat yoldaşı bildirib.
Z.Əzizbəyli söyləyib ki, R.Əzizbəylinin nə zaman evə buraxılacağı bəlli deyil:
“Onun nə zaman evə buraxılacağı bəlli deyil. Bu onun səhhətindən, özünü necə hiss etməsindən asılıdır. Ramiz tez sağalarsa, evə də tez buraxılacaq”.
Xatırladaq ki, Ramiz Əzizbəyli fevralın 9-da Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən sonra avtomobil qəzasına düşüb. Başından xəsarət alan aktyor bir neçə gün ev şəraitində müalicə olunub.
Qeyd edək ki, o, 1948-ci il iyulun 20-də Bakıda doğulub.