Bu gün Azərbaycanda Xocalı faciəsinin 22-ci ildönümü qeyd edilir.
ERTv xəbər verir ki, Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.