Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması üçün hazırlıq işləri görülür.
ERtv xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Məlumatların yayılması departamentinin müdiri Meri Əmirova bildirib.
Onun sözlərinə görə, artıq Tədbirlər Planı təsdiq olunub:
“Artıq ərizə formasının hazırlanması, formanın doldurulması metodologiyası işlənib hazırdır”.
Qeyd edək ki, bu ilin yanvar ayında Nazirlər Kabineti 2015-ci il iyunun 1-dən Azərbaycanda kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi üçün qərar qəbul edib.
Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq, onun keçirilməsi, materiallarının işlənməsi, yekunlarının təhlil olunması və nəşr edilib yayılması Dövlət Statistika Komitəsinə tapşırılıb.
Siyahıya alınmanın təşkilati məsələlərinin həll edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-2015-ci illər üçün dövlət büdcəsində müvafiq məbləğdə vəsait ayrılması nəzərdə tutulur.
Nazirlər Kabinetinin qərarına görə, kənd təsərrüfatının siyahıya alınması mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda aparılacaq.
Sonuncu dəfə Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması 2005-ci ildə keçirilib.