Fevralın 13-dən 23-dək İranın paytaxtı Tehran şəhərində 29-cu Beynəlxalq “Fəcr” musiqi festivalı keçirilib.
ERtv xəbər verir ki, festivalda 16 ölkədən tanınmış ifaçılar və musiqi qrupları iştirak etmişlər. Məşhur “Volfert Brederode” kvarteti (Danimarka), “Anouar Brahem” (Tunis), “Aleksey Serqunin” (Rusiya), “Karin Laytner” və “Marqaret Babinsky” (Avstriya), “Anya Lechner” (Almaniya), “Payez” (İraq) ansamblları ilə yanaşı, festivalda Azərbaycan Respublikasının Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” ordenli tarzən Ramiz Quliyev də çıxış edib.
Tehranın məşhur konsert salonları olan Təlar Vəhdətdə, Niavaranda, Honar mədəniyyət mərkəzində keçirilən konsertlərdə R.Quliyevi Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.
Festivalda R.Quliyevin, o cümlədən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyevin və gənc istedadlı xanəndə Əli Hacızadənin ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Təşkilatçıların qərarına əsasən professor Ramiz Quliyev Beynəlxalq “Fəcr” musiqi festivalının yüksək mükafatı olan “Qızıl çəng”lə təltif edilib.
Konsertlərin dinləyiciləri arasında İranın vitse-prezidenti, mədəniyyət naziri, digər rəsmiləri, tanınmış mədəniyyət xadimləri də olmuşlar. Azərbaycan bəstəkarlarının əsərləri və klassik muğamlarımızı məharətlə ifa edən Ramiz Quliyevin hər ifası ayaqüstə alqışlanıb. İran kütləvi informasiya vasitələrinin festivalla bağlı yaydığı materiallarda Ramiz Quliyevin parlaq ifası xüsusi qeyd edilmiş, o, “Tarın atası” və “Böyük ustad” adlandırılıb. Həmin məqalələrdə Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı oxucuların diqqətinə çatdırılıb.
Bundan başqa, festival çərçivəsində İranın Mədəniyyət Nazirliyi tərəfindən İran Dövlət Musiqi Muzeyində professor Ramiz Quliyevin yaradıcılığına həsr olunmuş sərgi təşkil olunub.
Xatırladaq ki, tarzən Ramiz Quliyev Beynəlxalq “Fəcr” Musiqi Festivalında artıq beşinci dəfədir Azərbaycanı uğurla təmsil edir.