Azərbaycan Türkiyədən FNSS şirkətinin “Samur” üzən körpülərin alınmasına dair müzakirələr aparır.
ERtv xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Yaqub Daşdələn bildirib.
Onun sözlərinə görə, bu körpü sistemi hazırda Türkiyə ordusunda istifadə olunur və Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər edərək bu sistemə maraq göstərib.
Y.Daşdələn bildirib ki, Azərbaycanın verəcəyi son qərarından asılı olaraq, Türkiyə bu sistemləri Azərbaycana sata bilər:
“Biz Azərbaycan müdafiə sənayesinin nə tələbatları varsa, bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq”.
O həmçinin əlavə edib ki, hazırda Azərbaycana təklif etdiyi bəzi müdafiə sistemləri var:
“Buraya “Otokar”ın zirehli texnikası, “Roketsan”ın raket sistemləri aiddir. “Roketsan”ın məhsulların Azərbaycanda istehsal olunması və Azərbaycan Silahlı Qüvvələrinə verilməsi planlaşdırılır. Eyni zamanda TAİ şirkətinin “ATAK” helikopterlərinə də maraq göstərir”.
Y.Daşdələn onu da bildirib ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq toplantısı zamanı Azərbaycan liman və tərsanə qurulmasını gündəmə gətirib:
“Bu məsələdə Azərbaycana yardım etməyə hazırıq. Bunun mülki və ya hərbi tərsanə olacağı aydınlaşdırılmalıdır”.
Azərbaycanın Türkiyənin Milli Piyada Tüfəngi (MPT) layihəsində iştirakı ilə bağlı Y.Daşdələn bildirib ki, Azərbaycana bununla bağlı tələb olunan məlumatlar verilib və hazırda Türkiyə cavabını gözləyir:
“Biz Azərbaycanın bu tüfənglərə ehtiyac duyulduğunu bilirik. Lazım olsa onların tam olaraq, ya da müəyyən hissələrin burada istehsalı və ya yoxlanma prosesini də təşkil etmək mümkündür”.
Türkiyə şirkətlərinin bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcək I “ADEX-2014” beynəlxalq müdafiə sərgisində iştirakı ilə bağlı Y.Daşdələn qeyd edib ki, sərgidə 20 şirkət iştirakını təsdiqləyib:
“Azərbaycanın birinci müdafiə sərgisində iştirakı bizim üçün də vacibdir”.