Martın 7-də saat 19-00-da Azərbaycanın gənc yazıçısı Elçin Səfərli Bakıda “Xoşbəxtlik reseptləri” adlı kitabını təqdim edəcək.
ERTv xəbər verir ki, təqdimat “Park İnn” otelində gerçəkləşdiriləcək. Tədbirin əsas məqsədi qan xərçəngindən əziyyət çəkən 18 yaşlı İnarə Hüseynzadənin müalicəsi üçün gərəkli olan məbləğin toplanılmasına yardım etməkdir.
İnarə ailənin ilk övladıdır, Bakı Slavyan Universitetində təhsil alır. Hazırda o, Minskdə elmi-praktiki Uşaq Onkologiya və Hematologiya Mərkəzində müalicəsini davam etdirir.
Öz təqdimatlarını xeyriyyəçiliyə yönləndirmək yerli KİV diliylə desək “ölkənin ən məşhur gənc yazıçısı”nın adətinə çevrilib. Xatırladaq ki, 2013-cü ilin iyul ayında Bakıda Elçin Səfərlinin “Səmimi söhbət” adlı layihəsi ilə yaradıcılıq gecəsi keçirilmişdi ki, həmin tədbirdən biletlərin satışından əldə olunan gəlir 5 yaşlı Dərya Məmmədovanın əməliyyatına sərf olundu.
E.Səfərlinin sözlərinə görə, Dərya Məmmədovanın Kiyev ürək mərkəzindəki əməliyyatı uğurlu olub və hazırda balaca Dərya tam sağlamdır.
“Bakıda baş tutan yaradıclıq gecəsinin uğurunu onda görürəm ki, biz məqsədimizə çatdıq, balaca Dəryanın əməliyyatı üçün lazım olan məbləği yığdıq. Bizə dəstək olan hər kəsin qarşısında baş əyirəm. Bu dəfə də sizdən eyni dəstəyi gözləyirik – gəlin birlikdə İnarəyə yardım edək.
Fikirlər var ki, qan xərçəngi müalicə olunmur, amma bu yalnışdır. Bir çox hallarda şəfa tapanlar olub, əsas odur ki, vaxtında müalicəyə başlayasan. Yaradan insana hər zaman möcüzə bəxş edir, sadəcə bunların fərqinə varıb inanmaq lazımdır. Albert Eynşteynin gözəl bir sözü var: “Həyatı iki cür yaşamaq olar: siz sehrin olmadığı bir dünyada yaşaya biləcəyiniz kimi, sehirlər ilə dolu bir dünyada da yaşaya bilərsiniz”.
“Xoşbəxtlik reseptləri” - Elçin Səfərlinin böyük rus nəşriyyat evi “AST”də nəşr olunan sayca səkkizinci kitabıdır. Nəşr olunduğu ilk gündən “Moskva” kitab evində “ən çox satılan” siyahısına düşüb. Kitabın Moskva və Kiyevdə təqdimatı keçirilib və artıq yazıçının doğma yurdunda da oxucularına təqdim olunacaq.
“Bakıdakı təqdimatlara biz uzun müddət və xüsusi diqqətlə hazırlaşırıq. Bura mənim vətənimdir, burada özümü daha məsuliyyətli hiss edirəm. Ona görə biz təqdimatı bir az gecikdirdik. “Xoşbəxtlik reseptləri” kitabında təkcə yemək və qida haqqında məlumatlar yer almır. Burada oxucu onu xoşbəxt edəcək hər şeylə qarşılaşa bilər”.
Bakıdakı təqdimat günündə Elçin Səfərli öz yeni kitabından bir hissəni oxuyub onu oxucularla müzakirə edəcək.
Təqdimat üçün biletlərin qiyməti 10 AZN-dir. Bu gecədə yığılan bütün məbləğ Hüseynzadə ailəsinə təqdim olunacaq. Biletləri “Ali və Nino” mağazasından (Z.Tağıyev küçəsi,19, Fəvvarələr meydanı; tel.: (012) (493-04-12) və həmçinin təqdimat gecəsində zalın girişində əldə etmək olar.