Fevralın 9-da İsveçrə Konfederasiyasında növbəti referendum keçirilmişdir.
Referendumda vətəndaşların mövqe bildirməli olduğu məsələlərdən biri ölkəyə miqrasiyanın məhdudlaşdırılması ilə bağlı olub.
Mühafizəkarlığı ilə seçilən sağçı-populist İsveçrə Xalq Partiyası (SVP) tərəfindən ölkəyə miqrant axınının məhdudlaşdırılması üçün qaldırılmış “Kütləvi miqrasiyaya qarşı” adlı təşəbbüs əsasında referenduma çıxarılan məsələ səsvermədən əvvəl ölkə daxilində siyasi düşərgələr arasında, eləcə də Avropa İttifaqı ilə İsveçrə münasibətlərində gərginliyə səbəb olmuşdur. Referendumun nəticəsinə əsasən, vətəndaşların 50,3 faizi İsveçrəyə miqrasiya axınının məhdudlaşdırılmasına tərəfdar olmuşdur.
Xalq Partiyasının təşəbbüsünə əsasən, hökumət növbəti üç il ərzində əcnəbilərin miqrasiyası ilə illik maksimum hədd və kontingent müəyyən etməlidir. Kvotanın tətbiqi ilk növbədə Avropa İttifaqı ölkələri vətəndaşlarının maraqlarına toxunacaqdır.
Avropa Komissiyasında məsələ ilə bağlı verilmiş ilkin açıqlamada referendumun qərarından təəssüf ifadə olunmuş, Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıyan vətəndaşların sərbəst hərəkət prinsipini pozması qeyd edilmişdir.
Referendumda 19 min 526 səs fərqi ilə Xalq Partiyasının təşəbbüsü uğur əldə etsə də, Avropa İttifaqı ilə imzalanmış ikitərəfli müqavilələr və iqtisadi sahədə əməkdaşlıq üçün böyük zərbə hesab olunmalıdır.
Referendumda İsveçrənin səsvermə hüququna malik əhalisinin 56,5 faizi iştirak etmişdir və bu, 1971-ci ildə qadınlara səsvermə hüququnun tanındığı referendumdan sonra seçicilərin ən fəal iştirak etdiyi beşinci ümumxalq səsverməsi olmuşdur.
Qeyd edək ki, İsveçrənin 8,1 milyonluq əhalisinin 23,3 faizi (1,88 milyon nəfər) əcnəbilərdən ibarətdir və hər il 80 min insan daimi yaşayış üçün bu ölkəyə üz tutur.