Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir.
Keçmiş “Sovetki” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracaq.
ERtv xəbər verir ki, bu barədə iqtisadçı-ekspertVüqar Bayramov Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ekspert qeyd edib ki, evlərin köçürülməsi fondunda yalnız nağd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq:
“Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, buna görə də ötən il mənzil bazarında müşahidə edilən artımların 2014-ci ildə də davam edəcəyi gözlənilir.
O xatırladıb ki, müstəqil hesablamalara əsasən, 2013-cü ildə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb.
İqtisadçı qeyd edib ki, kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir.
Onun qeyd etdiyinə görə, kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır:
“Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bu il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qısa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı daha ciddi artımlara gətirib çıxaracaq”, - deyə o qeyd edib.