2013-cü ilin yekun nəticələrinə əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlarından 30,623 milyon ton əvəzinə, 32,717 milyon ton, yəni proqnozdan 2,1 milyon ton çox xam neft hasil edilib.
ERtv xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
Nazir bildirib ki, ötən il qaz hasilatı isə proqnozdan (27,5 milyard kubmetr) 1,7 milyard kubmetr çox olmaqla 29, 2 milyard kubmetrə çatıb.
Onun qeyd etdiyinə görə, ötən il “Azəri-Günəşli-Çıraq” layihəsinə sərf edilən əməliyyat və əsaslı məsrəflər, eləcə də istismarda olan hasilat və injektor quyularının sayı artırılıb, yeni hasilat və suvarma quyuları qazılıb, quyularda intervensiya əməliyyatları aparılıb, qazma qurğularının profilaktikası keçirilib, “Qərbi Çıraq” platformasının dayaq blokunun quraşdırılması və platformanın tikintisi başa çatıb:
Bundan başqa, nazir məqaləsində qeyd edib ki, hesabat ilində buxarlanan qazlar kompressorunda təkmilləşdirmə işləri başa çatdırılıb, nəticədə “Çıraq” platformasında hasil edilmiş səmt qazının məşəldə yandırılması azaldılıb və Dövlət Neft Şirkətinə çatdırılan səmt qazının həcmi artırılıb.
N.Əliyevin qeyd etdiyinə görə, keçən il səmt qazının məşəldə yandırılması 2012-ci ilə nisbətən 52 faiz aşağı düşüb:
“Nəticədə ölkə üzrə “2013-cü ilin yanacaq-enerji balansı”nın proqnoz göstəricilərindən (41,1 milyon ton) 2,1 milyon ton çox (43,2 milyon ton) neft hasil edilib, il ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə 29,7 milyon, ümumilikdə isə 36,5 milyon ton neft nəql olunub”.