Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Şirvan şəhərində qadın meyiti aşkar ediblər.
FHN-in Şirvan bölməsindən ERtv-nin bölgə müxbirinə verilən məlumata görə, ötən gün axşam saatlarında Şirvan şəhərinin Heydər Əliyev prospekti 42, mənzil 12 ünvanında yaşayan 73 yaşlı Güllü Əhməd qızı Abdullayevanın meyiti aşkarlanıb.
Belə ki, 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan Güllü Abdullayevanın yaxınları ondan xəbər tuta bilməyiblər.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət olunub.
Hadisə yerinə gələn xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən qapını açıblar və mənzildə yaşlı qadının meyitini aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.