Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi, dahi öndər Məmməd Əmin Rəsulzadənin bu gün doğum günüdür.
ERtv xəbər verir ki, bu böyük tarixi şəxsiyyət 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində, Novxanı kəndində ruhani ailəsində anadan olub.
Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır.
İlk tərbiyə və təhsilini ailəsi yanında alan M.Ə.Rəsulzadə sonradan Texniki məktəbə daxil olub.
1902-ci ildə M.Ə.Rəsulzadə “Müsəlman Gənclik” təşkilatını yaradıb.
1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi “Şərqi-rus” qəzetində çap edilib.
Sonradan “Həyat”, “İrşad”, “Tərəqqi” və başqa qəzetlərdə məqalələrlə çıxış edib, “Təkamül” (Bakı), “İrani-nov” (Tehran), “Açıq söz” (Bakı 1915-1917), İstanbulda yayımlanan “Yeni Qafqaziya” (1923-1928), “Azəri türk” (1928-1929), “Odlu Yurd” (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan “Qurtuluş” jurnallarının və “İstiqlal” qəzetinin yaradıcısı olub.
1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Azərbaycan” dərgisi nəşr edilib.
M.Ə.Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap olunub.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttarxan hərəkatında yaxından iştirak edib.
1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.
1911-13-cü illərdə İstanbulda Türk ocağında çalışıb.
1913-cü ildən Bakıda fəaliyyətə başlayıb.
1918-ci il mayın 28-də Azərbaycan istiqlalı elan olunduqdan sonra o, Azərbaycan Milli Şurasının sədri seçilib.
1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub, sonra bəzi insanların köməyi ilə ölümdən qurtarıb.
1922-ci ildən M.Ə.Rəsulzadənin mühacirət həyatı başlayıb.
Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşamış, Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
1955-ci ilin mart ayında Ankara şəhərində dünyasını dəyişən M.Ə.Rəsulzadə Əsri məzarlıqda dəfn edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam verib. Bu sərəncama əsasən, dövlət qurumları yubileylə bağlı tədbirlər planı hazırlayıblar.