Paytaxt sakinləri bu gün səhər oyandıqda sürprizlə qarşılaşıblar.
ERtv-nin məlumatına görə, axşam saatlarından yağmağa başlayan sulu qar sonradan qara çevrilib ki, bunun da nəticəsində paytaxtın bir çox əraziləri ağ örpəyə bürünüb.
Qeyd edək ki, paytaxtımızda ilk qarın yağması ilə bərabər artıq bir sıra problemlər də özünü büruzə verməyə başlayıb. Belə ki, bəzi yolların sürüşkən olması qışa hazırlıqsız olan sürücülər üçün çətinliklər yaradıb.
Belə ki, paytaxtın bir çox rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.
Bakının ətraf qəsəbələrində yaşayan bir çox sakinlər isə avtobusların olmaması səbəbindən işə çata bilməyiblər. Bəziləri isə əlacsız qalaraq işə taksi ilə getməli olublar. Onu da bildirək ki, taksi sürücüləri qarın yağmasını və yolların sürüşkən olmasını əsas gətirərək qiymətləri bir neçə dəfə qaldırıblar ki, bu da insanların narazılığına səbəb olub.
Piyada hərəkət edən sakinlər, xüsusən də yaşlı və səhhətində problem olan insanlar sürüşkən və gölməçəyə çevrilən səkilərlə hərəkət etməkdə çətinlik çəkirlər. Bəziləri isə sürüşkən zəmində müvazinətini itirərək yıxılıblar ki, bunun da nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qeyd edək ki, tibbi-meteoroloji xəbərdarlığa görə, əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraiti həftənin sonuna kimi davam edəcək. Bu səbəbdən də meteoroloqlar gecə saatlarında uzun müddət açıq havada qalmağı məsləhət görmürlər.