ERtv-yə bu barədə aeroportdan bildiriblər.
Məlumata əsasən, reyslərdə dəyişiklik yoxdur.
“Hava ilə əlaqədar heç bir reys təxirə salınmayıb. Uçuşlar qrafik üzrə həyata keçirilir.”.
Bildirək ki, qarlı hava şəraiti davam edəcək, çovğun olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Məlumata görə, güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Havanın temperaturunun 1-3 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 15-20, 2-7 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 31-də çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1 və 2-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.