Kanada Ukrayna hökumət məmurlarının ölkəyə daxil olmasına qadağa qoyub.
ERtv RİA Novostiyə istinadən xəbər verir ki, bunun səbəbi Kiyevdə hökumət əleyhinə aksiyanın amansızcasına dağıdılması olub.
Bu haqda Frans-Press agentliyi Kanadanın İmmiqrasiya işləri üzrə naziri Kris Aleksandere istinadən məlumat yayıb.
“Bu andan etibarən hökumətimiz Kanadaya yüksək çinli ukraynalı məmurların gəlişinə qadağa tətbiq edəcək. Onlar dinc sakinlərə qarşı güc tətbiq edildiyinə görə məsuliyyət daşıyır” - deyə nazir söyləyib.
Ukraynada mitinqlər keçən ilin noyabr ayında Nazirlər Kabinetinin Avropaya inteqrasiya prosesinə fasilə verilməsi ilə bağlı bəyanatı açıqlandıqdan sonra başlayıb. Yanvarın 19-da müxalifətin aksiyasından sonra radikallarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Müxalifət hökumətin istefaya getməsini və Avropaya inteqrasiya prosesinin davam etməsini tələb edir.