Aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil.
Bu, çox ciddi, həssas bir prosesdir.
Nə qədər ki Azərbaycanda müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) mövcuddur, bu proses davam etməlidir.
ERtv-nin verdiyi xəbərə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov “Azərbaycan” qəzetində çap olunan məqaləsində deyib.
Məqalədə deyilir ki, ulu öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
O bildirib ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyuldu.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.
“İndi qürurla deyə bilərik ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə “Heydər Əliyev torpaq islahatları” modeli kimi düşdü. Aqrar-torpaq islahatı ulu öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər.
Bu gün ulu öndərin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzibolunmaz nailiyyətlərə yol açdı ki, məhz bu səbəbdən ölkəmizin siyasi-iqtisadi tarixində “Heydər Əliyevin torpaq islahatları” modeli qızıl hərflərlə öz əksini tapdı”.
Sədr bildirib ki, qəbul edilən kifayət qədər mükəmməl qanunlar sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı üçün istifadə edilir.
“Belə ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlar alqı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarı ilə bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaradır”.
O bildirib ki, regionların və aqrar sektorun inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman diqqətindədir.
“Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər tərəfindən fundamental formada bünövrəsi qoyulan regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. Prezidentin bu sahələrə diqqəti dövlət proqramlarında öz əksini tapır”.
Məqalədə deyilir ki, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planına əsasən, 36306 hektar turizmin inkişafı və istirahət məqsədləri üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş və xəritələşdirilib.
Həmçinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın tədbirlər planının icrası çərçivəsində respublikanın 38 şəhər və rayonları üzrə 10763,41 hektar torpaq sahələrində müvafiq qaydada yerquruluşu işləri aparılmaqla torpaqayırma sənədləri hazırlanmış və təsdiqlənməsi üçün aidiyyəti üzrə göndərilib.
Bundan başqa məqalədə deyilir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilib. Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılıb.