Əmək pensiyaçılarının öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vasitəsi kimi istifadə etməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdəndir.
ERtv-nin verdiyi xəbərə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün keçirilən “Pensiya+” xidmətinin təqdimat mərasimində deyib.
O bildirib ki, xidmətin istifadəyə verilməsi nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi üçün atılan mühüm addımlardandır.
“İslahatların əsas istiqamətləri post-terminallardan istifadə vərdişlərinin aşılanmasıdır”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılıb. Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur.
Pensiyaçı ona ayrılmış bu limiti ATM-də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermarketlər, apteklər) istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək. Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF-yə məxsus olan kartlar, ƏƏSMN-ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.
Hazırda proqrama qoşulmuş ticarət subyektlərinə ARAZ supermarketlər şəbəkəsi, Makro Market supermarketlər şəbəkəsi, Riyadfarm apteklər şəbəkəsi, Arçelik mağazaları daxildir. Bu qəbildən olan ticarət subyektlərinin sayının davamlı şəkildə artırılması nəzərdə tutulur.