ERtv-nin “Günün adamı” rubrikasının budəfəki həmsöhbəti öz realist düşüncə tərzi ilə fərqlənən, sevilən, “Planet Parni iz Baku” KVN Teatrın bədii rəhbəri və rejissoru Tahir İmanovdur:
- Yaxşı insan olmağa cəhd göstərənlər... niyyəti yaxşı olmaqdır, amma bəzən cəhd edərkən birilərini incidirlər.
Sizcə, o zaman yaxşı ola bilərlər?
- Yaxşı insan adını artıq sən öz ailəndə almalısan, çünki bu ilk növbədə sənin valideynlərindən asılıdır. Yaxşılıq etmək, pislik etməmək...
Biz gözümüzü açıb bir söz eşitmişik “yaxşılıq etmək çox çətindir, amma pislik etməyi hər kəs bacarar”. Anam da öyrədib, atam da, babam Süleyman Ələsgərov da bizi öyrədib.
Başqa sözlə desəm, bu bizim ailənin düsturu olub. Bu düsturla biz yaşamışıq, boya-başa çatmışıq. Bundan sonra istəyirsən cəhd göstər, istəyirsən göstərmə, o, sənin qəlbindən irəli gələcək, avtomatik olaraq heç kimə pislik edə bilməyəcəksən.
Bu artıq bir proqramdır. Necə ki bir proqramı bir kompüterə yükləyirsən, proqram işləməyə başlayır. Bu proqramı ancaq hansısa güclü bir virus sındıra bilər. Həmçinin insanların yaxşılığını sözün məcazi mənasında fırtınalar, əhatəsində var olan pis insanlar sındıra bilər.
Ona görə, mən düşünürəm ki, yaxşılıq uşaqlıqdan qoyulan bir fundamentdir, ya da ki qoyulmayan.
O ki qaldı cəhd göstərənlərə və bu prosesdə bilməyərək pislik edənlərə... Yaxşılığın həddi-hüdudu yoxdursa, bu pisliyə çevrilə bilər. Hər şey qədərində olmalıdır. Yeməkdən tutmuş hərəkətlərimizə qədər, hər şeyin qədəri olmalıdır. Eləcə də yaxşılığın.
- Niyə başqalarının işinə qarışırıq? Öz işlərimiz bəs etmir bizə?
- Paxıllıqdan...yalnız paxıllıqdan. Bilirsiniz, mən son aylar bir qənaətə gəlmişəm ki, bizim ölkədə vətəndaşların əksəriyyəti başqalarının işlərindən lazımından çox xəbərdardır.
“Bu filankəsin obyektidir, bu filan nazirin oğlunun obyektidir, bu yer filan məmurun qardaşı qızının obyektidir”. Hər şeydən, hər yerdən xəbərləri var, amma öz problemləri ilə, öz işləri ilə məşğul olmaq istəmirlər.
Dünyanın heç bir yerində belə bir problem yoxdur. Siz gedin Londona, Parisə orda heç kimin vecinə deyil, kim nə ilə məşğul olur. Onların həyatında ilk istiqamət öz şəxsi həyatlarıdır, öz şəxsi karyeralarıdır.
Bax buna görə, taksi sürücüsü elə taksi sürücüsü kimi qalacaq. Karyera qurmaq üçün addımlaya bilməyəcək.
İnsan ilk növbədə öz problemlərini həll etməli, öz işləri ilə məşğul olmalıdır. Və əgər başqalarının arxasınca danışırsansa, başqalarının obyektlərini, bizneslərini müzakirə edirsənsə, bu artıq kişilikdən deyil, ikincisi bu qeybətdir.
- İnsanları güldürə bilmək qabiliyyətinə maliksiniz. Sizcə, onları güldürmək çətindir?
- Çətindir... çox çətindir. Xüsusilə də son illər. Çünki insanların intellekt səviyyəsi aşağı düşüb. 90-cı illərlə müqayisə etsək insanları, o vaxt onları güldürmək daha asan idi. Çünki təhsilin ən yüksək səviyyəsi idi. Bu mənim subyektiv fikrimdir.
SSRİ vaxtında aldığımız təhsil bizə hər şeyi öyrədirdi. Bədii ədəbiyyat, tarix, musiqi, coğrafiya, yəni hər bir sahədə, hər bir istiqamətdə. Ona görə 90-cı illərin insanlarını güldürmək asan idi.
Bizim yumorumuz yüksək intellekt, savada malik insanlara yönəldilir. Fikir vermisinizsə bizim hər bir zarafatımızda bir məna var idi. Hər bir səhnəcikdə məna var idi. Orada şüuraltı kitabların adları çəkilirdi, biz müxtəlif sahələrdə biliklərimizi ortaya qoyurduq. Əlbəttə ki, yumor prizmasından.
Amma indi mən belə danışa bilmərəm, belə güldürə bilmərəm. İndiki satiramız 90-cı illərdən daha güclüdür. Amma bəzən elə güclü zarafat deyirik ki, zalda az adam gülür. Təəssüflər olsun ki, indiki tamaşaçını bayağı yumorlar güldürür. Yıxılmaqdır, tullanmaqdır daha çox bu istiqamətdə.
Həmçinin musiqini də götürək. Siz YouTube-da Üzeyir yazsanız bayağı müğənni birinci çıxır, Üzeyir Hacıbəyov ikinci çıxır. Elə müğənnilər peyda olur ki, hərdən, özün özünə sual verirsən ki, axı bizim Üzeyir Hacıbəyovumuz, Rəşid Behbudovumuz olub. Burdan hər şey başlayır, baxın öyrənin!
Çox təəssüf ki, indiki bayağı müğənnilər yeni nəsli çox korlayıblar.
Səviyyəsiz, mənasız mahnılardır. Nə musiqi var, nə sözlər var, nə də bir məna var. Baxın Tofiq Quliyevin, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun mahnılarına.
İndiyə kimi o mahnılara qulaq asanda adamın tükləri biz-biz olur. Çünki onlar yaratdığı əsərlərə öz canlarını qoyublar. Elə biz də KVN komandasının üzvləri yaratdığımız hər bir obrazda, hər bir səhnəcikdə, səhnədə, hər addımına, hər bir zarafata bir məna qoyuruq. Əks halda sənin yumorun heç nə olacaq. Əks halda sən heç vaxt nə çempionluq adına layiq görülə biləcəksən nə də sevilə biləcəksən.
- Qeyd etdiniz ki, göstərdiyiniz hər bir səhnəcikdə və ya bizə bu günə yadigar qalan o musiqilərdən biz nə isə öyrənməliyik. Ola bilərmi ki, insanlar artıq öyrənməyi istəməsinlər.
- Mən hər şeyi təhsillə bağlayıram. Təhsilimiz aşağı səviyyədədir. Hərdən mənə elə gəlir ki, kimsə bunu qəsdən edib ki, təhsil aşağı olsun.
Mən belə düşünürəm. Bir vətəndaş olaraq bu mənim mövqeyimdir. Faktlar bundan ibarətdir ki, bu gün təhsilimiz aşağı səviyyədədir.
Bu gün ibtidai sinifdən valideynlər düşünür ki, təhsil üçün uşaqlarını xaricə göndərsinlər. Tək təhsil deyil ki, səhiyyədə də həmçinin. Adi “check up” biz xaricə gedirik. Niyə?
Çünki gedirsən müayinədən keçirsən deyir ki, böyrəklərin xəstədir, xaricə gedirsən deyir ki, böyrəklərində heç bir problem yoxdur.
Nədən irəli gəlir. Bu da bir başa təhsil sisteminə bağlıdır. Təhsil sistemi yüksək olanda insanlara hər şeyi öyrədirlər. Öyrədirlər ki, insan hər şeyi pillə-pillə eləməlidir.
Müəyyən müddət öyrənməli, sonra praktika keçməli və yavaş-yavaş vəzifə əldə etməli orada yüksəlməlidir. İnsanlar isə hər şeyi birdən istəyir. Hər şey birdən baş versin, çoxlu pul qazanım. Bu isə mümkün deyil.
- Cəsarət bəzən təcrübəsizlikdən olur. İnsan sonun nə olacağını bilmədən risk edir. Risk etmək cahillikdir.
- Hər bir addımın əsasında arqumentlər olmalıdır. Elə riskin də. Əgər riskin fundamenti güclü arqumentdirsə, mən deməzdim bu cahillikdir.
Onda ola bilsin ki, bu riskə ehtiyac var. Amma adətən ümumi götürsək 90% risklərin səbəbi savadsızlıqdır. Mən belə düşünürəm.
Yəni ki, yüz ölç, bir biç məsəli var. İnsan özü bir qənaətə gəlməsə ağsaqqallardan təcrübəli insanlardan məsləhət almalıdır ki necə edim.
Təcrübəli insan da yoxdursa, ən azından dostlar var. Dostlardan məsləhət almalıdır. Yalnız bundan sonra risk edə bilər. Amma bir başa risk etmək... ruslarda belə bir ifadə var “kim risk etmirsə, o, şampan içmir”. Boş söhbətdir. Doğrudan da boş söhbətdir... Sonra alınmayanda deyir tale belə gətirdi. Qismət belə imiş və s. Alın yazısı başqa şeydir, risk başqa şey.
- Ağıllı insanlardan bəhs etdiniz... Ağıllı olmaq hər zaman haqlı olmaq deməkdir?
- Xeyr... təəssüflər olsun ki, müasir zəmanədə haqlı insan güclü insan deməkdir. Əgər arxanda bir qüvvə varsa, kim necə istəyir bu ifadəni qəbul eləsin onda sən güclüsən. Təəssüflər olsun ki, ağıllı insanlar indi nadir hallarda qalib gəlir.
- Bəs sizcə haqlı insan kim olmalıdır.
- Haqlı insan yaşadığı dövlətin qanunlarına əsaslanıb, valideynlərinin məsləhəti ilə oturub-duran, birdə ki, haqsızlığa yol verməyəndir.
Birinci ağlıma gələn bunlar idi. Bu üç bənd ağıllı insan məhvumunu formalaşdıran bəndlərdir. Valideyn, ata-ana nəsihəti... hər şey bundan başlayır. Onlar öyrədir hər şeyi. Birinci qanunları öyrədən valideynlərdir. Sonra məktəbimiz.
Bunları mənimsəyəndə artıq sərbəst hərəkət etməyə başlayırsan, hər şey səndən asılıdır. Düzgün eləməsən artıq valideynlərinin verdiyi tərbiyəyə xəyanət edirsən.
Və haradasa dövlətinin qanunlarına da xəyanət edirsən, əgər düzgün etmirsənsə.
- Bir işi və ya bir sözü təhlil edərkən bəzən çox xırdalığa varırıq. Belə insanlar cəmiyyət içində “xırdaçı” adlanır. Sizcə qadınlar, yoxsa kişilər daha çox xırdaçıdır?
- Elə hər ikisi. Hər tərəfdən xırdaçı insanlar var. Kişilər də, qadınlar da. Təəssüflər olsun ki, bu iki məxluq artıq öz yerlərini dəyişib həyatda. Bizim KVN də belə bir mahnımız var idi. Bu ifadəni özümüz yazmışdıq o zaman. Kişilər qadınlaşır, qadınlar kişiləşir. Doğrudan da belədir. Sözün əsl mənasında da götürsək, məcazi mənasında da götürsək yerlər dəyişib. İndi qadınlar daha çox karyerasını düşünür. Burdan irəli gələn çox şeylər var.
Boşanmalardır, qadınlarımızın gec ailə qurmasıdır və s. Amma əslində qadın ailəsinin mühafizə xidmətinin rəhbəri olmalıdır. (red. Gülür)
O, öz ocağını isidəndən sonra karyerasını düşünə bilər. Mən əleyhinəyəm ki, qadın evində otursun. Qadın mütləq işləməlidir. Əks halda xoşagəlməyən nəticələrə gətirə bilər. Amma öncə ailə, sonra karyera.
- Madəm xanımlardan bəhs etdiniz belə bir sual da verim. Bəzi xanımlar ailəsi və sonradan tapdığı böyük sevgisi arasında seçim qarşısında qalırlar. Bu sualı həmin xanımlara versək, o qədər də səmimi cavab ala bilməyə bilərik. Bəs siz, əks cinsin nümayəndəsi olaraq necə düşünürsünüz, həmin xanım üçün düzgün seçim nə olmalıdır?
- Olduqca çətin bir sualdır. Mənim bu həyatda bir prinsipim var. Heç vaxt heç kimin şəxsi həyatına müdaxilə etmirəm və başqalarından da xahiş edirəm ki, şəxsi həyatıma müdaxilə etməsinlər. Ona görə icazənizlə mən bu suala cavab vermək istəmirəm.
Amma düşünürəm ki, bu istənilən qadının, istənilən kişinin öz şəxsi məsələsidir. Heç kim onun həyatına müdaxilə edə bilməz. Təəssüflər olsun ki edirlər. Məsələn, sevməyə- sevməyə ailə qurur, əmisi oğlu, ya da dayısı oğlu ilə. Təəssüflər olsun ki, bu hallar hələ də cəmiyyətimizdə var. Bu halla dəfələrlə rastlaşmışıq.
Bax bu baxımdan mən deyə bilərəm ki, belə şeylərin əleyhinəyəm. Çünki qan hər zaman təzələnməlidir. Mən demirəm ki, mən hündürboy, göyçək biriyəm. Amma fikir verirəm, cəmiyyətimizdə artıq balaca boy xanımlar, kişilər daha çoxdur. Bunların əsasında qohumların arasında olan nikahlardır. Bu böyük problemdir cəmiyyətimizdə.
- Bir adam sənə nə qədər yaxındırsa, sənə nifrət etmə ehtimalı da o qədər çoxdur. Ya da əksinə. Sənin nifrət etmə ehtimalın var. Sizcə nifrət, sevgi, kədər, xoşbəxtlik kimi hissləri özümüzdən uzaq tutub yaşamaq yaxşıdır, ya bütün hissləri yaşamaqla ömür sürmək?
- Onda bu nə həyat oldu ki... Bu həyatdır. Bu ifadələr təzə deyil. Bəli razıyam. Yaxın insan da zərbə vura bilər, uzaqda olan biri də bunu edə bilər.
Bu həmişə belə olub, var və olacaq. Bizim bəşəriyyət bu sistemlə yaranıb. Biri sənə kömək edir, biri ayağının altını qazır, digəri kömək edir, başqa biri paxıllıq edir, 5-cisi sponsorluq edir, 6-cısı ev bağışlayır, 7-cisi həmin evi alır səndən, məhkəməyə verir (red. gülür) bu hər bir cəmiyyətdə var, olub və olacaq da. Başqa yol yoxdur.
Var yollar, amma mümkün deyil, gərək onda köçək başqa planetə. Orda heç kim yaşamır, heç kim pislik etmir, heç kim sənə yaxşılıq etmir. Əlbəttə ki, yaxşı olardı ki, mənfi hallar həyatımızdan bir dəfəlik, köklü olaraq çıxardı, amma mümkün deyil.
- Bəs peşmanlıq hissini yaşamaq ağırdır, ya kaş ki edərdim, kaş ki olardı demək?
- Elə hər ikisi. Hər ikisi... kaş ki edərdim, peşmanlıq. Bunlar bir-birinə doğma ifadələrdir. Daha dəqiq desəm sinonimlərdir. Əgər bir insan bir qənaətə gəlibsə ki, “kaş ki edərdim” demək o artıq peşman olub.
- Amma fərq var burada. Kaş ki edərdim demək, haradasa müsbət nəticə olacağına ümid etmək də deməkdir. Amma peşmanlıqda artıq nəticə ortadadır.
- Bilirsiniz, peşmanlıq qəbahət deyil, sadəcə öz səhvlərini başa düşməkdir. Öz səhvini başa düşən insan xoşbəxt insandır. O insan bir daha o səhvlərə yol verməz, bununla da cəmiyyətimizdə səhv edənlərin siyahısı yavaş-yavaş azalar, digərlərinə zərər verməz.
Səhvdir... edibsə, deməli, tək özünə qarşı səhv etməyib. Ətrafındakı bir insana qarşı edib bunu. Ona görə istənilən insan öz səhvini başa düşübsə, deməli, o xoşbəxt insandır.
- Xoşbəxt insandır... belə çıxır ki, xoşbəxtliyi çox uzaqda axtarırıq.
- Xoşbəxtlik uzaqda da olur, yaxında da. İndiyə kimi baxdığımız filmlərdə, oxuduğumuz bütün bədii əsərlərdə də bu suala hamı cavab axtarır, amma indiyə kimi cavab tapılmır. Bir misal gətirim. Sovet dövründə bir film var idi, “Доживём до понедельника” (Bazar ertəsinədək, film, 1968). Orada uşaqlar inşa yazırdılar.
Mövzu “xoşbəxtlik nə deməkdir?”. Bir şagird orada bir cümlə yazır və onun cümləsi böyük bir qalmaqala səbəb olur. Yazdı ki, “Счастье - это когда тебя понимают” Səni başa düşənlərin olması... xoşbəxtlik bu deməkdir. Çox gözəl cavab tapdı bu suala.
Mənim üçün də budur. Çünki səni başa düşürlər. Belədirsə, artıq bütün problemlərin həll olunacaq. İnsanları başa düşmək, ən azından onlara qulaq asmaq lazımdır. İndiki dövrdə çox böyük cəsarətdir bu. Çünki biz qulaq asmaqdır, qarşımızdakının problemini dinləməkdir bunu yaddan çıxarmışıq. “Tez, tez ol, danış vaxtım azdır. Qaçıram, mənim görüşüm var”. Həmişə hər yerə tələsirik, həmişə də gecikirik. Amma qulaq asmağı bacarmaq böyük cəsarətdir, böyük xoşbəxtlikdir.
- Bəs susmaq necə?
- Mənim üçün susan insanlar təhlükəli insanlardır. Yəni istənilən məsələyə biganə qalan insanlar mənim üçün təhlükəlidirlər.
Çalışıram belə insanlarla ünsiyyət, münasibət qurmayım, uzaq dayanım. Əvvəlcədən məsələni kökündən vururam ki, sonradan həmin insan mənə xəyanət etməsin.
Təhlükəlidirsə, demək, xəyanət edə bilər, arxadan zərbə vura bilər, pislik edə bilər və s. sadaladığım mənfilər susmaqdan başlayır. Hər şey biganəlikdən başlayır. Xəyanət, pislik.
- Amma bəzən də elə olur ki, yanımızda birlikdə susa biləcəyimiz insana ehtiyac duyuruq. Heç nə deməsin, sadəcə varlığı ilə yanında olsun.
- Bu başqa məsələdir. Bu halda onun bir təbəssümü sənə çox şey deyir. Burda artıq söhbət iki nəfərdən gedir. Amma beş nəfərin içində, hamı danışanda biri susursa o zaman həmin o bir nəfər mənim üçün təhlükəli insandır. Amma iki nəfərin arasında o susan insan təhlükəli ola bilməz. Əksinə, düzgün məsləhət verən, düzgün istiqamət verən insanlardan biri olur.
- Yox sözünü eşitmək.... adətən deyirlər ki, yox deməyi bacarmalısan, amma heç kim demir ki, yox sözünü eşitməyi də bacarmalısan. Sizcə çətin olduğundan demirlər?
- Mənim üçün də yox sözünü eşitmək çətindir. Yox demək asandır, nəinki eşitmək. Yenə öz sahəmi, KVN-i misal gətirirəm. Bu sahədə adətən elə insanlardan yox eşidirsən ki, 10 il, 15 il bundan qabaq istənilən təklifinə “hə” deyərdi.
O vaxt dövlət başçısı konsertimizə gələndə, biz heç vaxt, heç kimdən yox sözünü eşitməmişdik. Heydər Əliyevin vəfatından sonra biz yenidən konsert proqramımızı bərpa elədik. O vaxtdan artıq biz başa düşdük ki, sponsorların, məmurların əksəriyyəti bizə görə yox, dövlət başçısına görə gəlirmiş. Əksəriyyəti, hamısı yox.
O vaxtı heç kimdən heç vaxt “yox” sözünü eşitmirdik. İndi demək olar ki, məmurların qəbuluna düşə bilmirik ki, problemimizi həll edə bilək. Yox.. yox.. yox... amma vaxt var idi sponsorlar cərgə ilə dayanırdı, yalvarırdı ki, bizim reklam lövhəmizi ora qoyun. Nə dəyişib indi? Bəlkə yaşımız dəyişib... Bəli.
Amma yumor həmin yumordur, satira həmin satiradır, tənqid həmin tənqiddir. Bəlkə də haradasa daha da güclüdür, daha aktualdır. Çünki insanın konstitusiyasıdır bu. Böyüdükcə inkişaf edir.
Mən baxıram 1997-1998-ci illərin konsertlərinə, oradakı bəzi rolları indi daha yaxşı, başqa cür oynayardım. Ona görə bu yox sözlərini eşidəndə haradasa ürəyimiz də ağrıyır. Təəssüflər olsun ki, konsertlər də tez yaddan çıxdı, titullar da tez yaddan çıxdı, amma biz bunları ölkəmiz üçün, vətənimiz üçün eləmişik və nə qədər ki yaşayırıq, axıra kimi bu istiqamətdə çalışacağıq.
- Baxmayaraq ki, insan unutqan varlıqdır?
- Bəli.. Baxmayaraq ki, yox sözlərini eşidirik. İndi aprel ayında konsertlərimiz olacaq. Bizə daima təşkilati dəstək verən 3 böyük təşkilat var. Onlar hər il bizə deyir ki, heç bizə müraciət etməyin, nə tədbiriniz oldu biz sizinləyik. Qalanlarına məktub yazmaq lazımdır. O vaxt heç bizdən məktub da tələb eləmirdilər. Bəzi şirkətlər var, heç sənə cavab da yazmırlar.. Yazmırlar! Nədir, bu sizcə? Hörmətsizlikdir? Bəli hörmətsizlikdir. Heç olmasa ya şifahi şəkildə, ya zəng elə, ya mail göndər yox denən.. Onu da eləmirlər.
- İnsanlar sizi yorub deyəsən?
- Bu insanlar yorur məni. Mən bilmirəm sənətimlə məşğul olum, ya təşkilati məsələlərlə məşğul olum. Bilirsiniz, sənət adamı üçün istənilən layihə qabağı bir əsas məqsəd olmalıdır. Yazılan obrazı öyrənmək, o obraza girmək, o obrazın üstündə işləmək. Mən başlayıram obrazın üzərində işləməyə. Amma yada düşəndə ki, təşkilati problemlər var. Sarayın arendasıdır, dekorasiyaların puludur, konsert qabağı qeyri-rəsmi ödəmələrdir. Artıq hər şey yaddan çıxır. Obraz da yaddan çıxır. Kağızı atırsan bir qırağa olursan ağappaq, tər basır səni “ay Allah, bu necə olacaq. Axı sən 60 nəfərlik bir kollektivə rəhbərlik edirsən, onlara cavabdehsən”.
Amma buna baxmayaraq, yenə deyirəm hər il son anda belə olsa bu şirkətləri qoyuram kənara, dövlətimiz olmasaydı, mən çox böyük problemlərlə rastlaşardım. Kimsə elə bilər ki, mən yaltaqlanıram, elə bilər ki, dövlətin qarşısında nəsə qazanmaq istəyirəm. Mənə bunlar lazım deyil, mən dövlətin qarşısında sözün yaxşı mənasında adı çoxdan qazanmışam. Özü də Bakıda yox, Moskvada.
“Parni iz Baku” komandası ilə birlikdə, Anar Məmmədxanovun rəhbərliyi altında.. Bu, faktlardır. Bunları bu gün biz deməsək, kim deyəcək. Doğrudan da bu gün KVN sənəti, “Planet Parni iz Baku”, KVN teatrı ilk növbədə dövlətin dəstəyinə görə fəaliyyət göstərir.
Ölkə başçısının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi... Çox böyük kömək göstərirlər. Düzdür, Əbülfəz bəy deyir “mənə minnətdarlıq bildirmək lazım deyil”. Amma ən azından çox sağ ol deməyi biz bacarmalıyıq. Ən azından...
Çünki bu da düzgün bir tərbiyənin nəticəsidir. Çox sağ ol demək. Təəssüflər olsun ki, indiki uşaqlar, cavanlar, yeni nəsil bu sözləri yaddan çıxarırlar... Məndən soruşurlar ki, “Əmi, filan yerə necə getmək olar” yolu göstərirəm, deyir “Oldu..” Bəs çox sağ ol...(red. gülür)
- Və sonda belə bir sual verim. Ağılla hərəkət edən insan və hissləri ilə hərəkət edən insan. Bir insanda dəyər verdiyiniz xüsusiyyətlər bu ikisində hansında daha çoxdur?
- Mən daha çox əlbəttə ki, ağılla hərəkət edirəm. Hisslər çox şey istəyir, nə olsun. İlk növbədə ağlıma ölçməliyəm. Yalnız ağılla hərəkət etmək lazımdır həyatda. Hisslər bu gün var, sabah yoxdur.
Allah bizi belə yaradıb. Nadir hallarda olur ki, həyatının axırına kimi hisslər eyni səviyyədə qalır. Nə qalxır, nə də düşür. Öz pik nöqtəsinə, zirvəsinə çatır və orada da qalır. Bu nadir hallarda da olur, indiki zamanda daha çox ağılla hərəkət etmək lazımdır, nəinki hisslərlə.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı