Metropolitenin bu il istismara veriləcək yeni “Bənövşəyi” xəttinin ilk stansiyası “Memar Əcəmi-2” (B-02) stansiyasında eskalatorların quraşdırılması üzrə işlərə başlanır.
ERtv Bakı Metropoliteninə istinadən xəbər verir ki, stansiyada Almaniyanın “Tissen Krupp” (“Thyssen Krupp”) şirkətinin “Tugela” tipli eskalatorları quraşdırılacaq.
Tezliklə “Memar Əcəmi-2” stansiyasında qeyd edilən avadanlıqların quraşdırma və ardınca sazlamasını icra edən Türkiyənin “Nanə qrup” şirkətinin mütəxəssis heyəti metropolitenin eskalator distansiyasının da iştirakı və nəzarəti ilə əsas işlərə başlayacaq.
Sahəyə metropolitenin nəzarətçisi təyin edilmiş tikilən metropoliten müdiriyyətinin elektromexanika avadanlıqları üzrə aparıcı müfəttişi Samir Balcanov bildirib ki, “Avtovağzal”da işlər yekunlaşmaq üzrə olduğundan artıq qrupun bir neçə işçisi “Memar Əcəmi-2”stansiyasına təhkim edilib.
Onun sözlərinə görə, onlar burada hazırlıq tədbirlərini yerinə yetirirlər:
“Tezliklə son tamamlama üçün “Avtovağzal”da 2-3 nəfərdən ibarət kiçik bir qrup saxlanılmaqla əsas qüvvə yeni obyektə yönəldiləcək”.
Qeyd edək ki, “Memar Əcəmi-2” stansiyasında 17 eskalator, 4 lift quraşdırılacaq. “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyalarının bu ilin may ayında istifadəyə verilməsi planlaşdırılır.