Bu gün xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun doğum günüdür.
ERtv xəbər verir ki, Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. İlk şeiri 1966-cı ildə Gürcüstanın Bolnisi rayon qəzetində dərc edilib.
Bakıda “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
Məmməd Araz ədəbi mükafatı (1995) , H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilib. 2005-ci ildə Azərbaycanın Xalq şairi fəxri adına layiq görülüb. 2008-ci ildə aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.