Bu gün Azərbaycanın görkəmli rəqs ifaçısı, xalq artisti Afaq Məlikovanın doğum günüdür.
ERtv xəbər verir ki, Afaq Süleyman qızı Məlikova 1947-ci il yanvarın 18-də Bakıda anadan olub.
Afaq Məlikovanın uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edib, rəqs etməyi sevib. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə qoyublar.
Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlib.
Afaq Məlikova 1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1974-cü ildən Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Milli rəqslərin mahir ifaçısı olan A.Məlikovanın repertuarına Şərq xalqları rəqsləri də daxildir.
Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış edib.
1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışan A.Məlikova ömrünün 45 ilini səhnəyə həsr edib.