Bu gün Azərbaycanın xalq artisti, rejissor, teatr xadimi Tofiq Kazımovun doğum günüdür.
ERtv xəbər verir ki, Tofiq Kazımov 14 yanvar 1923-cü ildə Bakıda anadan olub.
O, yeddiillik təhsilini Bakıda aldıqdan sonra 1939-1942-ci illərdə teatr məktəbini bitirib.
Daha sonra Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov döyüşlərdə yaralanaraq 1943-cü ildə Azərbaycana qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. O, daha sonra 1945-1950-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb.
Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun “Kür sahilində” pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun “Ailə namusu” (“Allanın ailəsi”) pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub.
Teatr sahəsində olduqca peşəkarlaşan T.Kazımovun ən yaхşı rejissоrluq işləri sırasında “Lənkəran хanının vəziri”, “Mariya Tüdоr”, “Qəribə adam”, “Antоni və Kleоpatra”, “Şəhərin yay günləri” tamaşalarını göstərmək olar.
Böyük teatr xadiminə yüksək peşəkar fəaliyyəti ilə əlaqədar 1961-ci ildə əməkdar incəsənət xadimi, 1974-cü ildə isə xalq artisti adı verilib.
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, “Nicat”, “Səfa”) teatr truppalarının rəhbərlərindən idi.
Qeyd edək ki, Tofiq Kazımov 1980-ci il avqustun 2-də (57 yaşında) avtomobil qəzasında həlak olana qədər Akademik teatrda baş rejissor işləyib.
Milli rejissuramızın korifeylərindən sayılan Tofiq Kazımovun məzarı Bakıda ikinci Fəxri xiyabandadır.