Bu gün Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
ERtv Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, mərasim “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi çərçivəsində baş tutub.
Açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Sukin iştirak ediblər.
Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interaktiv lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmsal kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrofon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış antivirus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunub. Eyni zamanda, layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.
Təhsil nazirinin müavini C.Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Koreyanın Azərbaycandakı səfiri Çoi Sukin bildirib ki, pilot layihə çərçivəsində tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunub.
Tədbirdə çıxış edən Koreya Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim layihənin əhəmiyyətindən söhbət açıb. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olublar.