Bu il keçiriləcək növbəti bələdiyyə seçkilərində bizim seçəcəyimiz taktikada daha çox gənclərin və qadınların namizəd verilməsi məsələsi dayanır.
Bunu ERtv-yə açıqlamasında millət vəkili, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlıq məsələsinə, eləcə də, indi parlamentdə təmsil olunan iqtidaryönlü millət vəkillərinin böyük əksəriyyətinin ali qanunverici orqana növbəti dəfə namizədliklərinin irəli sürülməyəcəyi yönündə yer alan iddialara münasibətini bildirərkən dilə gətirib.
YAP rəsmisi deyib ki, indidən növbəti parlament seçkiləri barədə danışmaq çox-çox tezdir və bu barədə hansısa proqnoz vermək də doğru deyil.
“Ona görə biz hələlik bələdiyyə seçkiləri ilə bağlı danışa bilərik. Bələdiyyə seçkilərində bizim seçəcəyimiz taktikada daha çox gənclərin və qadınların namizəd verilməsi məsələsi dayanır. Çünki əvvəlki bələdiyyə seçkilərində də belə etmişdik, bu dəfə də bunu etməyə çalışacağıq” - deyən M.Qurbanlının sözlərinə görə, YAP çalışacaq ki, bələdiyyə seçkilərində daha çox gəncləri irəli versin.
“Növbəti parlament seçkilərində isə hansı taktika varsa, o da seçiləcək. Amma mən bütövlükdə bu düşüncənin tərəfdarıyam ki, parlament uzun müddət təcrübəsi olan parlamentarilərdən təşkil olunur.
Dünyada parlamentlərə fikir versəniz, görərsiniz ki, uzun müddət təcrübəsi olan şəxslər parlamentlərdə daha çox iştirak və daha çox partiyalarını təmsil edirlər.
Çünki parlament böyük siyasi təcrübəsi olan şəxslərdən toplanır və yeniləşmə prosesi də təbii olur. Yəni, yeniləşmə süni surətdə yox, təbii qayda da gedir” - deyə, YAP icra katibinin müavini sonda sözlərinə əlavə edib.