Türkiyə və Ermənistanın sərhəd birliklərinin təmsilçiləri ilə bəzi sərhədyanı bölgələrin rəhbərləri bir araya gəliblər.
ERtv “İhlas” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, sözügedən görüş Ermənistanın Gümrü şəhərində baş tutub.
Məlumata görə, görüşdə Türkiyənin sərhədçi zabitləri ilə Ermənistanla sərhəddə yerləşən Arpaçay, Akyaka və Diqor bölgələrinin rəhbərləri iştirak ediblər.
Baş tutan görüşdə Türkiyə-Ermənistan arasında imzalanmış mövcud sazişlər və beynəlxalq hüquq çərçivəsində davam etdirilən qarşılıqlı fəaliyyət müzakirə olunub.
Toplantıda 2013-cü ildə aparılmış məsləhətləşmələr və 2014-cü il üçün nəzərdə tutulan birgə fəaliyyət təqvimi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər sərhəd pozuculuğu və buna qarşı tədbirlər, heyvan xəstəlikləri və heyvan qaçaqmalçılığı, sərhəd xətlərinin nəzərdən keçirilməsi kimi məsələlərə toxunublar.
Müzakirələr zamanı ötən il iyulun 31-də Ermənistan sərhədçilərinin qətlə yetirdiyi Türkiyəli çoban Mustafa Ürkerlə bağlı rəsmi Ankaranın beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər Ermənistan nümayəndələrinin diqqətinə çatdırılıb.
Yekunda analoji görüşün bu ilin martında Türkiyədə təşkil olunmasına dair razılıq əldə olunub.