İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb.
ERtv-nin nazirliyə istinadən verdiyi xəbərə görə, sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Dünya Bankının ölkə meneceri Larisa Leşenko imzalayıblar.
2014-2016-cı illəri əhatə edən Əlavə Maliyyələşdirməyə dair Saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzunmüddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və ötürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı”na əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” həyata keçirilir.
Layihənin əsas məqsədi Bakı şəhəri ərazisində bərk-məişət tullantılarının idarəçiliyi sisteminin təkmilləşdirilməsi, mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması, əməliyyat, idarəetmə və kommunikasiya sahələrinin inkişaf etdirilməsi, tullantıların toplanması xidmətinin əhatə dairəsinin genişləndirilməsi, effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının vahid idarəçiliyi sisteminin təmin edilməsidir.
2009-cu ildən etibarən həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində 40 iri qeyri-qanuni tullantı sahəsi təmizlənərək təqribən 500 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınıb, Bakı şəhərinin 6 rayonu (Sabunçu, Suraxanı, Qaradağ, Pirallahı, Xəzər və Binəqədi) üçün müxtəlif həcmli 3239 ədəd tullantı konteyneri və 29 ədəd tullantı maşınları alınıb, Balaxanı poliqonu müvafiq texnika və avadanlıqlarla təchiz edilib, Qaradağ və Suraxanı poliqonlarının reabilitasiyası üzrə işlərə başlanıb.
Həmçinin, Bakı şəhərində bərk-məişət tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi planı hazırlanıb, ölkədə bərk məişət tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılıb.