AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavatın Milli Şuradan çıxması ilə bağlı həmin partiyaya qarşı növbəti ittihamlarını səsləndirib.
ERtv xəbər verir ki, APA-ya açıqlamasında AXCP rəsmisi iddia edib ki, belə görünür, Müsavata 2015-ci il parlament seçkiləri ilə bağlı hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub.
Onun iddiasına görə, Müsavat Partiyası da bu şərti yerinə yetirməklə məşğuldur.
“Əgər belə deyilsə, buyurub açıqlasınlar ki, hansı əsasa görə Milli Şuranı tərk etdilər? Necə oldu ki, indiyədək Rüstəm İbrahimbəyovun fəxri sədrliyini əsas gətirib, buna görə Milli Şuradan ayrılacaqlarını bəyan edirdilər, Rüstəm İbrahimbəyov fəxri sədrlikdən getdikdən sonra da eyni qərarı verirlər.
Deməli, bütün bunlar bəhanə idi...” - deyə, o, sözlərinə əlavə edib.
Müsavat Divanının üzvü Tural Abbaslı isə musavat.com-a bildirib ki, F.Qəhrəmanlının Müsavata yönəlik ittihamlarının hamısı boş və mənasız söz yığını, qarayaxmadır.
“...Mən Müsavata qarşı bu cür səviyyəsiz açıqlamanı AXCP-nin adına yaraşdırmadım. Yalnız onu deyə bilərəm ki, ayıb olsun. Çox təəssüf edirəm ki, AXCP-nin rəhbərliyində Fuad Qəhrəmanlı kimi adamlar təmsil olunurlar”, - deyə, T.Abbaslı sonda qeyd edib.