Azərbaycanda 183 min 196 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır (2013-cü il 1 yanvar tarixinə olan məlumat).
Bu xəstəliyin hansı bölgədə daha çox yayılması haqqında fikir yoxdur, çünki əhalisi çox olan bölgələrdə şəkərli diabet xəstəsi çox, az olan ərazidə isə az qeydiyyatdadır.
ERtv xəbər verir ki, bu barədə Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf CabbarovSəhiyyə Nazirliyinin rəsmi saytında açılmış “online konfrans”da bildirib.
Onun sözlərinə görə, ən əsası odur ki, bu xəstəlik bütün bölgələrdə yayılıb.
“Dünya üzrə 221 ölkə içərisində Azərbaycan bu xəstəliyin yayılmasına görə 127–ci yerdədir. (Ümumdünya Diabet Federasiyasının məlumatına əsasən). Bilavasitə bu xəstəlikdən ölən xəstələr qeyd olunmur, ölüm halları şəkərli diabetin fəsadları nəticəsində olur. Şəkərli diabet xəstələri arasında ölüm halları 2158 nəfər olub ki, bunların da 1148 nəfəri qadındır. (2013-cü il 1 yanvar tarixinə olan məlumatlardır)”.
R.Cabbarovun sözlərinə görə, hazırda ölkədə hər bir qeydiyyata düşən diabet xəstəsi pulsuz şəkərsalıcı preparat və özünənəzarət vasitəsi ilə təmin olunur.
“Bundan başqa təlim məktəbləri yaradılıb ki, xəstələr daim öz xəstəlikləri barədə maarifləndirilsinlər. Respublika Endokrinoloji Mərkəzin həkim kollektivi vaxtaşırı regionlarda maarifləndirici tədbirlər görür, müayinələr aparırlar”.