Yanvar-noyabr ayları ərzində avtomobil benzininin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artıb.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ağ neftin 11,5 faiz, dizel yanacağının 5,4 faiz, neft bitumunun istehsalında 7,1 faiz artım qeydə alınıb.
Statistikaya əsasən neft emalı müəssisələrinin anbarlarında 37,6 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 13,9 faizi qədər hazır məhsul qalıb.
Ümumiyyətlə, sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 faiz artaraq 30,8 milyard manata çatıb. Onun 74,2 faizi və ya 22,8 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 199,9 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 39,5 milyon ton və ya 0,5 faiz çox xam neft, 16,2 milyard kubmetr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunub.
Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 6,2 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz, avtomobil və qoşquların istehsalı 42,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 2,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri xidmətləri 37,3 faiz artıb.
Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artıb.