Millət vəkili Qənirə Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə və zabitlərlə görüş keçirib.
Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgərləri və zabitləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil, həmişə həmrəy olmağının vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib.
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə ölkəmizə səfər etmiş və Azərbaycan haqqında silsilə proqramlar hazırlayacaq TRT Avaz kanalının "Kültür Harmanı" proqramının yaradıcı heyətinin üzvləri və Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan əsgər və zabitlərimizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və öz xoş arzularını çatdırıblar.
Daha sonra millət vəkili Qənirə Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.
Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə nahar ediblər.
Sonra tədbir bədii hissə və Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahanın konsert proqramı ilə davam edib.