Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov ərəb ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib.
ERtv-nin məlumatına görə, qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib.
Qonaqlara universitetin tarixi haqqında məlumat verən S.Seyidov burada tədris olunan dillərin müvafiq mərkəzlərinin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Rektor ərəb dünyası, ərəb alimlərinin elmə verdiyi böyük töhfələrdən də danışaraq, Azərbaycanın İslam dünyasının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim bütün səfirlər adından səmimi qəbula görə təşəkkür edərək Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu bildirib və Azərbaycan mədəniyyətinin ərəb mədəniyyəti ilə çox oxşar cəhətlərinin olduğunu nəzərə çatdırıb.
Sonra görüş ADU-nun Xarici dillər kafedrasının müəllimləri Ülviyə Hüseynova və Lalə Əliquliyeva tərəfindən təşkil olunmuş “18 dekabr Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbirlə davam etdirilib.
Rektor S.Seyidov ərəb diplomatlarını “Beynəlxalq ərəb dili” günü münasibətilə təbrik edərək, ərəb dili və mədəniyyətinin qədim tarixi köklərə malik olduğunu, ərəb alimlərinin dünya elminə böyük töhfələr verdiyini deyib.
Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açan rektor, bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Ərəb ölkələri səfirləri adından çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim də Azərbaycanla ərəb ölkələri arasında qarşılıqlı əlaqələrin hər sahədə inkişaf etdiyini xüsusi qeyd edib.
Qeyd edək ki, çıxışlardan sonra ərəb dünyası haqqında videoçarx, ərəb dili haqqında məlumatları özündə əks etdirən slayd nümayiş olunub. ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında Azərbaycan və ərəb dillərində şeirlər, mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Sonra tədbir iştirakçıları Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin ADU-da təşkil etdikləri ərəb ölkələri sərgisinə baxış keçiriblər. Təqdimatda hər bir ərəb ölkəsinin mədəniyyətini əks etdirən müxtəlif kitablar, fotoşəkillər, o cümlədən mətbəxi nümayiş olunub.
Sonda qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası 2010/2011-ci tədris ilində açılıb. Hazırda Ərəbşünaslıq ixtisasında 30 tələbə təhsil alır.