İsraildə “Arşın mal alan” müsiqili komediyasının yeni rəngli versiyasının dünya premyerası ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.
ERtv xəbər verir ki, bayram tədbiri Heydər Əliyev Fondu və Afula şəhər bələdiyyəsinin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.
Əlamətdar haldır ki, filmin təqdimatı 1991-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilən və Azərbaycan xalqı üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib.
İsraildə səfərdə olan Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu bayramla bağlı öz təbrikini çatdırıb, Azərbaycana sonsuz sevgisini və İsrailə səmimi bağlılığını və minnətdarlığını ifadə edib. Şairin tədbirə göndərdiyi məktubu “Azİz”in idarə heyətinin üzvü Arye Qut onun adından oxuyub.
Azərbaycan mədəni irsinin klassikləri sırasına daxil olan sevilən filmin təqdimatında iştirak etmək məqsədi ilə Afula şəhərinə Azərbaycandan dünyanın müxtəlif ölkələrindən və İsrailin bölgələrindən gəliblər.
Sovet kinprokatının çiçəklənən dövrlərində olduğu kimi filmdən əvvəl İsraildə məşhur olan müğənnilər Tomer Əliyev və Bakı Konservatoriyasının məzunu Rüfət Adinyayev tamaşaçılar qarşısında çıxış ediblər. Onlar “Arşın mal alan” filmində baş rolun ifaçısı, sevimli müğənni, SSRİ-nin xalq artisti Rəşid Behbudovun repertuarından mahnılar ifa ediblər. Tədbir iştirakçıları bayramla əlaqədar olaraq “Natali” firmasının şirniyyatlarına qonaq ediliblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tamaşaçılara 1945-ci ildə “Arşın mal alan” filminin yaranmasından, onun müsiqi və librettosunun müəllifindən, yəni Azərbaycan klassik müsiqisinin banisi olan Üzeyir Hacıbəyovdan, istedadlı Azərbaycan müğənnilərinin vətəni olan Dağlıq Qarabağ və Şuşadan, həmçinin bu filmin Azərbaycan milli incəsənətinin təbliğatında oynadığı əvəzsiz rolundan söz açıb.
Nümayişin əvvəlindən tamaşaçılar hər bir səhnəyə, sevilən və gündəlik həyata daxil olan məşhur ifadələrə fəal reaksiya veriblər. Azərbaycan dilində ifa olunan mahnıları hətta heç vaxt Azərbaycanda olmayan insanlar da zümzümə edirdilər. Filmin sonunda tamaşaçılar minnətdarlıq əlaməti olaraq ayaqüstə alqış ediblər və uzun müddət ayrılmaq istəməyiblər.
Gecənin sonunda Azİz İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak təşkilati məsələlərdə göstərdiyi dəstəyə görə sözügedən şəhərin bələdiyyəsinə öz minnətdarlığını bildirib, həmçinin dağ yəhudilərinin mədəniyyət və ənənələrinin qorunub saxlanması mərkəzinin direktoru Şaul Siman-Tov “Arşın mal alan” filminin əslinin olduğu kaseti şəhəri hədiyyə edib.