Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir.
Biz çalışmışıq və bundan sonra çalışacağıq ki, Azərbaycanı daha da möhkəmləndirək.
ERtv xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışında çıxış edərkən deyib.
“Bu gün bizə heç kim təsir edə bilməz. Ancaq Azərbaycan xalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir”.
Dövlət başçısı qeyd edib ki, biz müstəqil, güclü dövlətdə yaşayırıq.
“Fəxr edirik ki, bu dövlətdə yaşayırıq. Hamımız elə etməliyik ki, bu dövlət daim inkişafda, yüksəlişdə olsun”.
İlham Əliyev vurğulayıb ki, cəmiyyətdə heç bir qarşıdurma, ziddiyyət yoxdur.
“Cəmiyyətdə həmrəylik və birlik vardır. Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq.
Bu yaxınlarda böyük qaz layihəsinə start verdik. Bu, bundan sonra ən azı 100 il Azərbaycanın iqtisadi inkişafını təmin edəcəkdir.
Harada yaşamasından asılı olmayaraq, - Azərbaycanda, yaxud da ki, başqa ölkələrdə, - biz öz vətəndaşlarımızı heç vaxt darda qoymuruq, qoymayacağıq. İmkan daxilində onların bütün problemlərini həll etməyə çalışacağıq”.