Heydər Əliyev Mərkəzi yeni layihə - “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi keçirmişdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, ilk dəfə həyata keçirilən bu layihə öz ideyası, qeyri-adiliyi, maraqlı dizayn həlli ilə diqqəti cəlb edir.
Dekabrın 21-də Heydər Əliyev Mərkəzinin parkında eksklüziv dizaynda hazırlanan əsərlərin təqdimat mərasimi olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmiş, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağaclarına baxmışdır.
Yeni il hər kəsin - uşaqların və böyüklərin ən çox sevdikləri, bütün il boyu gözlədikləri bayramlardan biridir. Bayram hazırlıqları-Yeni il ərəfəsi tədbirlər, hədiyyələrin seçilməsi və s. şənliklərdən çox əvvəl başlayır. Dünyanın hər yerində dinindən, dilindən, mənsub olduğu mədəniyyətdən asılı olmayaraq bütün insanların eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözlədikləri bu bayram hər ölkədə müxtəlif adət-ənənələrlə qeyd edilir. Lakin ən önəmlisi odur ki, bu bayram özlüyündə hər kəsə xoşbəxt gələcək ümidi və arzuların həyata keçəcəyi hissi bəxş edir.
Yeni il bayramının rəmzi olaraq bəzədilmiş küknar ağacı isə həm də bu arzuların ölməzliyini ifadə edir. İnsanların Yeni il üçün bəzədilmiş küknar ağacının dövrəsində şənlənməsi bir növ gələcəklə bağlı xoş arzulara inamın əlamətidir.
Heydər Əliyev Mərkəzinin Yeni il ərəfəsində elan etdiyi “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi sənətsevərləri, rəssam və heykəltəraşları öz ətrafında birləşdirmişdir.
On səkkiz tanınmış, eləcə də gənc heykəltəraş və rəssamın iştirak etdiyi layihədə Yeni il küknarını bu dəfə tam fərqli dizaynda, tam fərqli ideyanın məhsulu kimi görmək imkanı olmuşdur.
İki aya yaxın davam edən müsabiqədə rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknar ağacları hazırlanmışdır. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilmişdir.
Heydər Əliyev Mərkəzinin “Küknar” layihəsi ətrafında birləşən rəssamlar öz daxili aləmlərini, arzularını, sənət və həyata baxışlarını nadir əsərlərdə, bu əsərlərdəki rəmzi mənalarda təqdim edirlər.
Tədbirdə 18 əsər nümayiş etdirilmiş, eyni zamanda, mərasimə gələnlərin iştirakı ilə səsvermə olmuşdur.