Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı
O gün televiziyada mənəvi qızım Mingəçevirdən olan görmə qabiliyyətini itirmiş Zeynəbdən reportaj etmişdilər. Onun televiziyada aparıcılıq etməsi, proqramlar aparması barədə geniş danışdılar və onun gözəl bir örnək olduğunu vurğuladılar.
Zeynəblə qürur duydum və o qədər sevindim ki... Bir neçə il əvvəl Zeynəblə ilk tanışlığımdan, ona sənin istedadın var sən televiziyada işləyə bilərsən dediyim və Yevlaxda fəaliyyət göstərən televiziya kanalı rəhbərliyinə zəng edib Zeynəbə bir şans vermələrini istədiyim günləri xatırladım. Sağ olsunlar verdilər ona bu şansı və Zeynəb onu gözlədiyimizdən daha da artıq doğrultdu. Görmə qabiliyyətini itirmiş uşaqlar, gənclər arasında nə qədər Zeynəblər var və onlar sadəcə kəşf olunmaqlarını gözləyir. Onlar dəstək və yardımlarımızla, həssas münasibətimizlə həyatda layiq olduqları yerləri tuta bilərlər və görməmək onlar üçün ciddi əngəl ola bilməz o zaman...
Görməmək deyil onlar üçün əslində ən böyük əngəl...
Bizim onlarla bağlı yanlış yanaşmamız, laqeyidliyimizdir ən böyük əngəl...
Bir dostum bir vüddət əvvəl Avropa şəhərlərinin birində bir restoranda həyata keçirilmiş maraqlı
bir eksperimentdən danışmışdı. Demək bu restorana yemək üçün gələnlər restoranda olduğu müddətdə müvəqqəti olaraq görmə qabiliyyətindən məhrum edilirlər yəni bir-iki saat gözdən əlillər kimi yaşamalı olurlar. Restoranın girişində gözləri tamamilə qapadılan müştərilər görmə qabiliyyətindəın məhrum insanlar kimi restoranda ona təhlif edilən masada oturmalı, yeməklərini sifariş verməli, yemək yeməli, hesab ödəməlidir və s. Bəzi insanlar görmə qabiliyyətini itirmiş insanları daha yaxşı anlaya bilmək üçün özləri böyük məmuniyyətlə həmin restoranda bir dəfə görmə qabiliyyətini itirmiş şəxs kimi yemək yemək istəmişlər və oradan ayrıldıqları zamanı restoranda yaşadıqları 1-2 saatın görmə qabiliyyətini itirmiş insanları daha yaxşı anlaya bilmələrinə böyük təsir göstərdilklərini vurğulayıblar.
Bəlkə də deyəcəksiniz ki, bu nə qəribə bir addımdır, buna nə ehtiyac var?
Amma əslində çox yaxşı bir eksperimentdir və məncə Azərbaycanda restoranlarımızdan biri bu addımı atsa çox maraqlı və həmiyyətli bir sosial layihə olardı əslində...Çünki gözdən əlil insanları daha yaxşı anlaya bilməmiz və onlara qarşı bir cəmiyyət olaraq həssaslığımızı artırmamıza da dəstək ola bilər. Sadəcə 1-2 saat onların vəziyyətini yaşamaq insanın baxışlarını, həssaslıqlarını dəyişə, artıra bilər. Bunu təcrübə edənlərin də məqsədi bu olub əslində...
Biz ətrafımızda görmə qabiliyyəti məhdud olan insanlara qarşı nə qədər həssas bir toplumuq?
İlk öncə bu suala hər birimiz özümüzdən başlayaraq cavab verməyə çalışmalıyıq. Məncə cavab sizi də qane etməyəcək... Bəzilərimiz onlara tam laqeyidik, bəzilərimiz isə acıyırıq. Onlara acımaq lazım deyil onlar da bizim kimi normal insanlardır sadəcə görmə qabiliyyətlərindən məhrumdurlar və biz onlara qarşı həssas olmalıyıq. Hər birimiz... Evdən, küçədən başlayaraq onların təhsilinə, müəyyən işlərdə işləyə bilməsinə qədər...
Unutmamalıyıq ki, onların bizdən üstün bir keyfiyyəti var. Daha artıq həssaslıq....Türkiyədə görməyən insanlar arasında hətta futbol müsabiqəsi belə təşkil etmişdilər. Əgər penalti vəziyyəti yaransa görməyən bir futbolçu görməyən bir qapıçının qapısına necə top vuracaq sualının cavabında təşkilatçılar belə demişdilər.
Qapı dirəyi əvəzinə iki görməyən oyunçu qoyulur. Penaltini vuran qışqırır:
“Sağ qapı dirəyi?”...
Qarşıdan səs gəlir:
“Burdayam!...”
“Sol qapı dirəyi?..”
“Mən də burdayam!..”
“Qapıçı?..”
“Burada!..”
Və top vurulur...
Bunu niyə yazdım bilirsinizmi...Məqsədim istəsək onlara yardım üçün o qədər çözüm yolu tapa bilərik deməkdir. Amma istəməsək əlimizdə yardım imkanları olsa belə onu etməmək üçün çeşidli bəhanələr uydura bilərik. Onlar kor deyillər... Onlar bizdən daha da dərini görə bilirlər.
Bizlərdən fərqli olaraq səsləri, hissləri görə bilir... Onlar insanları görüntüsünə görə deyil,
danışığı, səs tonu, mehribanlığı, həssaslığı, paylaşmaq duyğusu ilə sevirlər...
Onlar gözəlliyi də, insanı da daha dərindən görürlər...
Unutmamalıyıq ki, bir gün hər birimiz, övladlarımız, yaxınlarımız da onlar kimi görmə
qabiliyyətini itirə bilərik. Ona görə də onlara baxışımızı dəyişməliyik, diqqət, qayğı və həssaslığımızı daha da artırmalıyıq. Onların dünyası qaranlıq deyil. Onların dünyasını qaranlığa
sürükləmək də, işıqlı etmək də bizim əlimizdədir. Cəmiyyət olaraq hamımızın...