2014-cü ildə pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, nəticədə Azərbaycan son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq.
“Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir”.
O, bildirib ki, son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır.