Türkiyəni sarsıdan rüşvət əməliyyatı zamanı övladları həbs olunan və özləri də ittiham edilən nazirlər istefaya gedirlər.
ERtv “Radikal” qəzetinə istinadən xəbər verir ki, daxili işlər naziri Muammer Güler, iqtisadiyyat naziri Zafer Çağlayan, dövlət naziri Egemen Bağış, ətraf mühit və şəhərsalma naziri Erdoğan Bayraktar baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşərək istefaya getməyə hazır olduqlarını bəyan ediblər.
Məlumata görə, R.T.Ərdoğanla görüşən digər hökumət rəsmiləri də adıçəkilən nazirlərin vəzifədən getmələrinin daha münasib olduğunu bildiriblər.
Bununla belə, 4 nazirin “istefaya hazırıq” sözlərinə birbaşa reaksiya verməyən R.T.Ərdoğanın Nazirlər Kabinetinin tərkibində mümkün dəyişikliyi hökumətin təftişi ilə birlikdə həyata keçirəcəyi gözlənilir.
Həbslərdən sonra isə bütün nəzərlər Çankaya Köşkündə keçiriləcək toplantıya yönəlib.
Prezident Abdullah Güllə görüşü gözlənilən R.T.Ərdoğanın hökumətin yeni tərkibini istənilən an elan edə biləcəyi söylənilir.
Qeyd olunur ki, Nazirlər Kabinetinin tərkibində 3-5 dəyişikliklə kifayətlənəcək R.T.Ərdoğan baş nazir olduğu son on ildə hökumətdə ən dərin təftişi həyata keçirmək niyyətindədir.
Maraqlıdır ki, daxili işlər naziri M.Gülerin istefaya göndəriləcəyi şübhə doğurmasa da, digər üç nazirin vəzifələrində saxlanmaq ehtimalının cüzi də olsa qaldığı bildirilir.