Eks-spiker Rəsul Quliyev uzun müddətdir partiyalar yaratmaq, daha sonra oradan uzaqlaşmaq təcrübəsinə malikdir.
ERtv xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı eks-spiker Rəsul Quliyevin hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov və xaricdə yaşayan keçmiş deputat Hüseyn Abdullayev tərəfdarları ilə birləşərək yeni “Yeni nəfəs” Partiyası yaradacaqları yönündə səslənən iddialara münasibətini bildirərkən dilə gətirib.
Millət vəkili mətbuata açıqlamasında qeyd edib ki, eks-spiker əvvəlcə Azərbaycan Demokrat Partiyasını (ADP), ardınca Açıq Cəmiyyət Partiyasını (ACP) yaradıb və müxtəlif vaxtlarda hər iki partiyadan istefa verib, uzaqlaşıb.
F.Ağamalının sözlərinə görə, R.Quliyev indi yeni siyasi təşkilat yaratmaq eşqinə düşübsə, o, şəxsən inanmır ki, eks-spiker bu dəfə də ciddi uğura imza atsın, nailiyyət əldə etsin.
“Çünki, digər müxalifətçilər kimi Rəsul Quliyevin də Azərbaycanda dayaqları yox dərəcəsindədir. Yerdə qalan iki nəfərin bu günə kimi baş verən hər hansı siyasi proseslərdə iştirakı müşahidə edilməyib. Əli İnsanov həbsxanadadır. Hüseyn Abdullayev isə indiyə qədər müxalif fikirlərini ortaya qoysa da, bu fikirlər müəyyən siyasi çalarları özündə ehtiva etsə də, onun özü Azərbaycan cəmiyyətində bir siyasətçi kimi yer tutmayıb.
Əgər mətbuatın verdiyi məlumat düzgün olsa və onlar həqiqətən də partiya yaratsalar, bu təşkilatın nə dərəcədə ciddi siyasi qüvvəyə çevrilməsini, müxalifətdə üstün mövqeyə çıxmasını gələcək göstərəcək. Lakin reallıq budur ki, Azərbaycan müxalifətində kifayət qədər mühafizəkar mövqeyə malik qüvvələr yeni təşkilatların, yeni simaların meydana gəlməsinə qısqanclıqla yanaşırlar. Bu qüvvələr ən müxtəlif yollarla müxalifətə yeni simaların, təşkilatların gəlməsinə qarşı çıxırlar.
Bu yolda hətta böhtana, iftiraya da əl atırlar. Belə addımların önündə gedənlər isə İsa Qəmbər və Əli Kərimlidir. Ona görə də Rəsul Quliyev, Əli İnsanov və Hüseyn Abdullayev “Yeni Nəfəs” Partiyası yaratsalar, qarşılarında ilk növbədə iqtidar partiyalarını deyil, elə AXC və Müsavat partiyalarını görəcəklər. Onların bu baryeri aşmaları ciddi sual altındadır” - deyə, partiya sədri mətbuata açıqlamasında daha sonra sözlərinə əlavə edib.